AZƏRBAYCANLILARIN ERMƏNİSTANDA QALMIŞ ƏMLAKI BARƏDƏ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNACAQDIR
Tədbirdə İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayev, Azərbaycan Qaçqınlar Cəmiyyətinin (AQÇ) sədri Abbas Səfərov çıxış edərək, azərbaycanlıların Ermənistan ərazisində təxminən 20 milyard ABŞ dolları məbləğində əmlakı qaldığı barədə rəsmi sənədlərin toplandığını bildirmişlər. Onlar məlumat vermişlər ki, 120 cildlik bu sənədlər toplusunun təhlili ilə bağlı hazırda iş aparılır. Soydaşlarımızın hüquqlarının bərpası üçün yaxın vaxtlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaqdır.
Azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməsi prosesini həm sovet hərbçilərinin, həm də Ermənistan hökumətinin təsdiqlədiyi rəsmi sənədlər üzə çıxarılmışdır. Həmin sənədlərdə öz yurd-yuvalarından qovulmuş, güllələnmiş insanlar və onların mülkiyyəti barədə dolğun məlumatlar əks olunmuşdur.
Bildirilmişdir ki, bu materialların hazırkı dövr üçün aktuallığını və onlardan səmərəli istifadə edərək Ermənistana qarşı məhkəmə iddiasının qaldırılmasının vacibliyini nəzərə alan institut və AQC Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsinə əsasən, zərər çəkmiş soydaşlarımızın fərdi şəkildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsinə kömək göstərəcəklər.