Azərbaycanlıların soyqırımı tariximizin qanlı səhifələrindəndir
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Əlyazmalar İnstitutu direktorunun müavinləri, filologiya elmləri doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə və başqaları qeyd ediblər ki, 1918-ci ildə xalqımıza qarşı bolşeviklərlə erməni daşnaklarının birgə həyata keçirdikləri soyqırımı Azərbaycan xalqını məhv etmək və dədə-baba torpaqlarımıza sahib çıxmaq məqsədi daşıyıb.
Natiqlər mart soyqırımını tariximizin ən qanlı səhifəsindən biri olduğunu, bu tarixi faciənin əsrlərlə xalqın qan yaddaşından silinməyəcəyini söyləyiblər.
Sonra institutun kitabxana və elmi informasiya şöbəsinin hazırladığı “Ermənilərin törətdiyi soyqırımları” mövzusunda kitab sərgisi və “Azərbaycanlıların Soyqırımı Günü - tarixi faktlar, həqiqətlər” filmi nümayiş etdirilib.