“AZƏRİNŞAATSERVİS” MMC-NİN ŞPAL ZAVODU İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Qaradağ rayonunun Ələt qəsəbəsində “Azərinşaatservis” MMC-nin şpal zavodu ilə də tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, dəmir yollarının tikintisində və təmirində istifadə edilən əsas materiallardan biri də dəmir-beton şpallardır. İndiyədək bu məhsula ölkəmizin tələbatı idxal yolu ilə təmin edilirdi. Bu isə vaxt itkisinə və artıq xərclərə səbəb olurdu. Artıq respublikanın şpala olan tələbatını bu zavod ödəyir. Bakı-Axalkalaki-Qars dəmiryolu layihəsinin reallığa çevrilməsi müəssisənin vacibliyini əhəmiyyətli dərəcədə artırmışdır.
Qeyd olundu ki, şpal zavodunun tikintisinə 2005-ci ildə başlanmış və keçən ilin sonunda başa çatdırılmışdır. Ümumi dəyəri 4,2 milyon manat olan bu zavod Qafqaz və Xəzər dənizi hövzəsi ölkələrində müasir standartlara cavab verən yeganə müəssisədir. Zavodun bütün avadanlığı Almaniyanın Walter Beton GMBH şirkətindən alınmışdır. İstehsal prosesi inkişaf etmiş ölkələrdə ən geniş yayılmış Vaslov sisteminə uyğun olaraq həyata keçirilir. Zavod ildə 240 min ədəd şpal istehsal etmək gücünə malikdir. Bu isə il ərzində 75-80 kilometr yeni dəmir yolu xəttinin tikintisinə kifayət edir. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra zavodda sınaq məqsədi ilə 2 min ədəd şpal istehsal edilmişdir. Məhsulun nümunələri Avropanın tanınmış laboratoriyalarında sınaqdan uğurla çıxmışdır.
Hazırda bu zavodda 72 nəfər daimi işlə təmin olunmuşdur. Yeni dəmir yolunun tikintisində çalışacaq işçilər də nəzərə alınsa, zavod ümumilikdə 1000 nəfərdən çox adamı işlə təmin edəcəkdir. Məhsul istehsalında əsasən yerli xammaldan istifadə olunur. Yalnız xüsusi gərginliyə malik olan və şpalın daxilində elastiklik yaradan metal məmulat İtaliyadan gətirilir.
Prezident İlham Əliyev müəssisə ilə tanışlıqdan sonra istehsalın həcmini artırmaqla bağlı tövsiyələrini vermişdir.