“Azəriqaz” Hövsan qəsəbəsində “Açıq mikrofon” aksiyasına start verib
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də “Azəriqaz” İB Suraxanı rayonu, Hövsan qəsəbəsində “Açıq mikrofon” aksiyasına start verib.
İB-də AZƏRTAC-a bildirilib ki, bir neçə gün əvvəldən verilən anonsun nəticəsi olaraq, səyyar qəbul otağına xeyli sayda sakin toplaşıb. Vətəndaşlara problemlərini səsləndirmələri, görüləcək işlərlə bağlı təkliflər vermələri üçün imkan yaradılıb. Kifayət qədər səmimi atmosferdə keçən aksiyada bəzi problemlərin icrası üçün yerindəcə göstərişlər verilib. “Vətəndaş məmnunluğu bizim üçün hər zaman prioritet olub, bundan sonra da bu, bizim prinsipimiz olacaq”, - deyən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, qaz xətləri çəkildikdən sonra vətəndaşlar fərdi qaydada “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək, müvafiq sənədləşmə işlərini həll etməlidirlər. Lakin bu işdə şəhid ailələri və qazilərimiz istisna hal olaraq Birliyin imkanlarından yararlana biləcəklər.
Qeyd edək ki, bu, Birliyin bu istiqamətdə ilk addımı idi. “Səyyar qəbul otağı”nın növbəti ünvanı dəqiqləşdirilir. Vətəndaşlara əvvəlcədən məlumat veriləcək.