“AZƏRNEFTYANACAQ” ZAVODUNUN NEFTAYIRANLARI MÜƏSSİSƏNİN YUBİLEYİNİ BAYRAM EDİRLƏR
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müəssisə kollektivinə təbrik məktubu və zavodun işçilərinin təltif edilməsi haqqında Fərmanı oxundu.
Yığıncaqda bildirildi ki, neft emalı zavodunun əməkdə fərqlənən 106 işçisinin hər biri müəssisənin rəhbərliyi tərəfindən birdəfəlik pul mükafatlarına və fəxri fərmanlara layiq görülmüşdür.
Sonra müəssisənin inkişafı, burada elmin və texnikanın son nailiyyətlərinə əsaslanan yeni, müasir texnoloji qurğuların yaradılması, istehsalat sahələrinin modernləşdirilməsi ilə bağlı görülən işlərdən danışıldı. Qeyd edildi ki, müəssisənin yarım əsrlik tarixinin 34 ilində burada baş verən texniki yeniliklərin hamısı Prezident Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır, dövlətimizin başçısının neftayıranlara gündəlik diqqət və qayğısının təzahürüdür. Bildirildi ki, cənab Prezident indiyədək 20 dəfədən çox bu müəssisədə olmuş, neftayıranların əmək şəraiti, güzəranı, qayğıları ilə maraqlanmış, müvafiq göstərişlər vermişdir.
Yığıncaqda Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli, Nizami rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Şamil Qurbanov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Şükür Mehrabov neftayıranları yubiley münasibətilə təbrik etdilər, müəssisə kollektivinə yeni uğurlar arzuladılar, ölkəmizin sosial-iqtisadi inkişafını, Azərbaycanda davamlı sabitlik yaradılmasını, əhalinin rifahının yüksəldilməsini, bəzi kateqoriyadan olan işçilərin əmək haqlarının, pensiyaların minimum həddinin artırılmasını, dövlət quruculuğu sahəsində inamlı addımlar atılmasını Prezident Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi kimi dəyərləndirdilər. Azərbaycanda neft strategiyasının reallaşmasında Baş nazir İlham Əliyevin xüsusi xidmətləri olduğunu vurğuladılar. Onlar bildirdilər ki, Azərbaycan xalqı bu siyasəti ürəkdən bəyənir və birmənalı dəstəkləyir.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etdilər.