“Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasından iki il ötür
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” 2013-cü il fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən onun orbitdə yararlı ömrünün 15 il olduğu bildirilmişdi. Ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb.
Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) fəaliyyət göstərdiyi dövr ərzində “Azerspace-1” vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Qısa müddət ərzində “Azerspace-1” peyki kifayət qədər güclü rəqiblərin olduğu peyk yayım bazarında rəqabətə davamlı xidmət göstərir. “Azerspace-1” peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, “Azərkosmos” ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa, Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.
“Azerspace-1” peykinin resurslarının 55 faizi kommersiyayönümlü istifadədədir. Peyk xidmətləri bazarında hər bir peykin resurslarının satışının illər ərzində tədricən artdığını nəzərə alaraq, 1,5 illik bir dövr ərzində kommersiya fəaliyyəti göstərən “Azerspace-1” üçün resursların 55 faizinin satılması dünya təcrübəsinə əsasən uğurlu bir göstərici hesab edilir. Növbəti illərdə bu satış həcmi artırılacaq ki, bu da gəlirlərin illik həcminin artmasına səbəb olacaq. Həmçinin, dünya peyk xidmətləri bazarına daxil olduğu ilk illərdə potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması məqsədilə “Azerspace-1” peykinin satışları rəqabətli qiymətlərlə həyata keçirilir. Ötən il milli peyk vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması “Azerspace-1” peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, Əfqanıstan, Ərəb bazarında fəaliyyət göstərməsinə optimal şərait yaradıb. Hazırda, Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır ki, bunun da 108-i əcnəbi, 13-ü yerli kanal, eləcə də, 20 radio kanalıdır. Ötən ildə bir çox baxımlı Türkiyə kanallarının “Azerspace-1” peykinə keçidi də buna əyani sübutdur. “Azərkosmos” artıq Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Ukrayna, Birləşmiş Krallıq, Almaniya, Avstriya, Misir, BƏƏ, Əfqanıstan, Livan, Yunanıstan kimi ölkələrdən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Ümumilikdə, “Azerspace-1” peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 24 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ilin irəliyə atılan uğurlu addımlardan hesab olunur. “Azerspace-1”in orbital mövqeyinin populyarlaşması peykin tutumlarının növbəti illərdə daha yüksək qiymətə satılmasına imkan yaradır.
“Azərkosmos” ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verir. Ümumiyyətlə, kosmik sənaye müstəqil Azərbaycan Respublikası üçün yeni bir sahədir və müstəqil peykimizin olması, bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxarmışdı. Bu səbəbdən, “Azərkosmos” ASC “Azərbaycan Respublikasında kosmik sənayesinin yaradılması inkişafı üzrə Dövlət Proqramını” əsas tutaraq yerli kadrların yetişdirilməsini özünə hədəf müəyyənləşdirmişdi. Bununla əlaqədar yerli mütəxəssislər üçün təlim proqramı tərtib edilmişdi. Proqram “Azərkosmos”un partnyorları olan ABŞ-nın “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi, yəni stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarını əhatə edib. Bununla yanaşı, “Azərkosmos”un yerüstü stansiyası hazır olduqdan sonra Azərbaycan mütəxəssisləri artıq öz avadanlığımızda GMV və GSİ kimi şirkətlərin təlimlərində də iştirak ediblər. Beləliklə, 2013-cü ilin əvvəlində, peykin orbitə buraxılması ərəfəsində texniki heyət peykin idarəedilməsi və istismarı üçün tam hazır idi. Artıq 2 ildir, “Azerspace-1” peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. “Azerspace-1” peyki Azərbaycanın peyk sənayesində, nəinki Qərbin yeni texnologiyalarından, eləcə də bilik və təcrübələrindən faydalanmağa imkan verir. Artıq “Azərkosmos”da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib. Bunun göstəricisi kimi, telekommunikasiya peykinin idarə olunmasında qəbul olunan yeni əməkdaşların təlim üçün xarici ölkələrə göndərilməsinə ehtiyac qalmamışdır, onlar artıq yerli mütəxəssislər tərəfindən öyrədilir.
Bununla yanaşı, “Azerspace-1” peykinin xidmətlərindən istifadə etməklə ölkəmizin telekommunikasiya sahəsində digər yüksək texnologiyaların istifadəsində asılılığı aradan qaldırılıb. Ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və baş konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi haqqında imzalanan müqavilə buna misal ola bilər. Eyni zamanda fəaliyyət dövrü ərzində, dövlət əhəmiyyətli tədbirlər canlı olaraq “Azerspace-1” vasitəsilə yayımlanıb. Azərbaycan Futbol Premyer Liqasının bütün oyunlarının, Beynəlxalq Polo Turnirinin, boks üzrə “Böyük İpək Yolu” turnirinin, qızlar arasında UEFA U19 oyunlarının, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kubokunun, Türkiyə Prezidentinin andiçmə mərasiminin canlı yayımlanmasını buna misal gətirmək olar.