AZƏRTAC-ın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Səhiyyə Nazirliyinin Respublika Qan Bankı irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların qanla təminatına dəstək məqsədilə AZƏRTAC-da qanvermə aksiyası keçirib.
Artıq səhər tezdən agentliyin binasında səyyar tibbi qrup işləyirdi. Əməkdaşlar bir-bir, bəzən kiçik qruplar şəklində - bəziləri bir az həyəcanlı, digərləri isə inamlı təbəssümlə gəlirdi. Donorluq etməzdən əvvəl hər kəs mütləq müayinədən keçirdi: həkimlər AZƏRTAC-ın əməkdaşlarının qan təzyiqini ölçür, ekspres testlər aparır və sağlamlıq vəziyyətini diqqətlə qiymətləndirirdilər. Yalnız bundan sonra əsas tədbirə - könüllü qanverməyə başlanılırdı.
Kampaniyada AZƏRTAC-ın 40-dan çox əməkdaşı iştirak edib. Bu rəqəm statistikanı deyil, onlarla şəxsi qərarı əks etdirir. Təşəbbüsün xüsusi əhəmiyyəti ondadır ki, yığılan qan irsi xəstəliklərdən, əsasən talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara verilir.
Azərbaycanda bu xəstəliklərə qarşı mübarizə artıq çoxdan dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Son illər Azərbaycanda talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər həyata keçirilir. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezident İlham Əliyevin 2005-ci il 18 iyul tarixli Fərmanına əsasən, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.
Uşaqların sağlamlığının qorunmasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond tərəfindən 2005-ci ildən ölkəmizdə həmin xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə “Talassemiyasız həyat naminə” proqramına başlanılıb.
Bu layihə çərçivəsində Respublika Qan Bankı mütəmadi olaraq paytaxtda və ölkənin bölgələrində müxtəlif müəssisə, təşkilatın əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə könüllü qanvermə aksiyaları təşkil edir.
Məhz bu kontekstdə qanvermə aksiyaları xüsusi əhəmiyyət kəsb edir. AZƏRTAC-da bu, birdəfəlik təşəbbüs deyil, davamlı ənənəyə çevrilib. Əməkdaşlar etiraf edirlər: onların iştirakının xəstə uşaqlar üçün çox vacib ola biləcəyini dərk etmək tədbirə xüsusi emosional məna qatır.
Təşkilatçılar vurğulayırlar ki, bu cür aksiyalar qan ehtiyatlarını artırmaqla yanaşı, həm də cəmiyyətdə şüurlu donorluq mədəniyyətini formalaşdırır, burada hər bir insanın iştirakı insan həyatının xilas edilməsində real töhfəyə çevrilir.