AZƏRTAC-ın fotomüxbiri beynəlxalq fotomüsabiqələrin qızıl medalına layiq görülüb
Bakı, 1 noyabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyada keçirilən “PHOTOPANORAMA 2023” Beynəlxalq Fotomüsabiqəsində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) qızıl medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, FIAP-ın himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 52 ölkəsindən 159 fotoqrafın 2649 fotoşəkili göndərilib.
Fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalına İlqar Cəfərovun 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayəti əks etdirən “Gecə faciəsi” (Night tragedy) fotosu layiq görülüb.
Bosniya və Hersegovinada keçirilən “BANJA LUKA 2023” beynəlxalq fotomüsabiqəsində isə fotomüxbir 2 qızıl medal (NATIONAL Gold Medal) və diplom qazanıb.
Bu fotomüsabiqəyə dünyanın 45 ölkəsindən 149 fotoqrafın 2150 fotoşəkili qəbul edilib.