“Azertexnolayn” Azərbaycanın qeyri-neft sənayesinin inkişafına dəstək verir
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycanın aparıcı sənaye istehsalçılarından biri “Azertexnolayn” MMC (Azertexnolayn) İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının ilk rezidentlərindəndir. Üç əsas zavodunda hər il 150 min tondan çox polad boru, 25 min tondan çox polietilen məmulatı və 15 min tondan çox texniki avadanlıq istehsal olunur.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisə istehsal gücünü artırır, müasir texnologiyalar tətbiq edir və rəqəmsal transformasiya istiqamətində layihələr həyata keçirir. Məhsulları Qarabağ və Şərqi Zəngəzurda icra olunan su, qaz, meliorasiya, enerji və kənd təsərrüfatı layihələrində geniş istifadə edilir. Müəssisədə 1200-dək əməkdaş çalışır, gənc mühəndislərin hazırlanmasına və peşəkar kadr potensialının inkişafına xüsusi önəm verilir.
“Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, bir sıra Avropa ölkələri, eləcə də ABŞ və Avstraliyaya ixrac edilir. Məhsullar API 5L, ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartlarına uyğun istehsal olunur və ciddi keyfiyyət nəzarətindən keçirilir.
Yerli istehsalın və ixrac potensialının artırılmasına töhfə verən müəssisə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına dəstək verir.