AZKİL-İN İKİNCİ MƏRHƏLƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR SAZİŞ İMZALANMIŞDIR
Bakı, 20 aprel (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyində (KTN) Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) ikinci mərhələsinin həyata keçirilməsi ilə əlaqədar aprelin 20-də kredit sazişinin imzalanması mərasimi keçirilmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı (DB) ilə əlaqələrin genişləndirilməsi aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir. DB ilə əlaqələrimiz 1996-cı ildən başlanmışdır. İndiyədək bir çox müştərək layihələr həyata keçirilmişdir. AzKİL-in ümumi dəyərinin 25,6 milyon ABŞ dolları məbləğində olduğunu deyən nazir, onun 8,9 milyon ABŞ dollarının Azərbaycan hökumətinin payına düşdüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu layihə Naxçıvan Muxtar Respublikasının 7 rayonunu, habelə ölkəmizin şimal-qərb və şimal rayonlarını (24 rayonu) əhatə edəcəkdir. Layihə çərçivəsində infrastruktur yönümlü 250 mikrolayihə həyata keçiriləcəkdir.
İ.Abasov onu da qeyd etmişdir ki, cari ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox olmuşdur. Bu il kənd təsərrüfatı məhsulları istehsalında 7 faiz artım gözlənilir.
Dünya Bankı Bakı ofisinin direktoru Qreqori Yedjeyçak bildirmişdir ki, KTN tərəfindən bu layihənin birinci mərhələsi uğurla həyata keçirilmişdir və DB bunu yüksək qiymətləndirir. Belə layihələr insanların həyat səviyyəsinin daha da yaxşılaşmasında əhəmiyyətli rol oynadığı üçün DB buna önəm verir.
Q.Yedjeyçak bu layihələrin yeni iş yerlərinin açılmasına, ümumilikdə regionların inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirmişdir.
Sonda kredit sazişinin imzalanması mərasimi olmuşdur. Sazişi İsmət Abasov və Qreqori Yedjeyçak imzalamışlar.
Qeyd edək ki, 2005-2008-ci illərdə AzKİL çərçivəsində 340 mikrolayihə həyata keçirilmiş, ümumilikdə 12 min 185 nəfər işlə təmin olunmuşdur. Layihənin icra müddəti 3 il uzadılmaqla 2012-ci ilin martınadək davam etməsi nəzərdə tutulmuşdur.
######
