ELM VƏ TƏHSİL
AzMİU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) tamhüquqlu üzvü seçilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Bu üzvlük AzMİU-ya beynəlxalq arenada mövqeyini gücləndirmək, qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etmək imkanı verəcək, eləcə də universitetə davamlılıq sahəsində aparıcı beynəlxalq təcrübələrə çıxış imkanı yaradacaq.
AzMİU-nun AASHE-yə qoşulması yalnız universitetin imicini beynəlxalq arenada gücləndirməkdən ibarət deyil. Bu, universitetin əməkdaşlarını və tələbələrini davamlı inkişaf prinsiplərinə daha çox yönləndirməyə, eləcə də müasir yanaşmaları öyrənməyə və tətbiq etməyə imkan verəcək. Eyni zamanda, gələcək təhsil nəsillərinə ekoloji, sosial və iqtisadi dayanıqlılığa dair biliklərin və bacarıqların aşılanması istiqamətində atılan əhəmiyyətli bir addımdır. Bununla, AzMİU müasir dünyada davamlı inkişafın təşviqinə öz töhfəsini verməyi, tələbələrin və cəmiyyətin rifahını artırmağı hədəfləyir.
Qeyd edək ki, AASHE ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə sadiqliyini gücləndirmək və onların bu istiqamətdə fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə tanınmış bir platformadır. Bu platforma universitetlər arasında bilik mübadiləsi, əməkdaşlıq və ən yaxşı təcrübələrin bölüşdürülməsi üçün ideal bir mühit yaradır.