ELM VƏ TƏHSİL
AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali məktəbin İKT Mərkəzinin Treninq və sertifikatlaşdırma şöbəsinin təşkilatçılığı ilə maarifləndirici və praktik təlim keçirilib. Universitetin əməkdaşları üçün təşkil edilən təlim kibertəhlükəsizlik və kibergigiyena mövzularına həsr olunub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə kibertəhlükəsizlik üzrə mütəxəssis-ekspert Rövşən Məlikov müasir dövrün ən vacib məsələlərindən biri olan virtual təhlükəsizlik barədə danışıb. Şəxsi və təşkilati məlumatların qorunması yolları, kibertəhlükələrin müxtəlif növləri və onlardan qorunma üsulları barədə ətraflı məlumat verilib. Mütəxəssis iştirakçılara məlumatların təhlükəsizliyinin təmin edilməsinin vacibliyi, güclü şifrələmə, təhlükəsiz əlaqə protokolları və kibergigiyena prinsipləri barədə praktiki tövsiyələr verib.
Son illər AzMİU-da rəqəmsal transformasiya istiqamətində bir sıra mühüm işlər görülüb. Universitetin rəqəmsal texnologiyaların tətbiqi, elektron universitet quruculuğu və informasiya sistemlərinin inkişafı sahəsindəki nailiyyətləri daha qabaqcıl və müasir standartlara cavab verən tədris mühiti formalaşdırıb. Bu təlim də universitetin rəqəmsal dünyaya uyğunlaşması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, AzMİU-da davamlı olaraq rəqəmsal infrastrukturun gücləndirilməsi və elektron universitetin inkişafı istiqamətində əsaslı addımlar atılmaqdadır.