ELM VƏ TƏHSİL
AzMİU ilə Qazaxıstanın iki universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Qazaxıstana səfəri çərçivəsində “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” də iştirak edib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbir “Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilib.
Azərbaycanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi, 8 aparıcı ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndə heyətinin qatıldığı pre-sammitin rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali təhsil naziri və “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi də iştirak edib. Sammitdə Azərbaycanın elm və ali təhsil sahəsində mövcud vəziyyəti və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sammit zamanı professor Gülçöhrə Məmmədova Qazax Milli Universitetinin rektoru professor Janseit Tuymebayevlə görüş keçirib, akademik əməkdaşlığın gücləndirilməsi məqsədilə müqavilə imzalayıb.
Səfər çərçivəsində AzMİU-nun rektoru Qazaxıstanın bir neçə nüfuzlu ali təhsil müəssisəsində də görüşlər keçirib. Görüşlərdə təhsil və elmi əməkdaşlığın genişləndirilməsi, akademik mübadilə, birgə tədqiqatlar istiqamətində bir sıra konkret təşəbbüslər müzakirə edilib.
Professor Gülçöhrə Məmmədova Qazaxıstanın Satbayev Universiteti və Beynəlxalq Təhsil Korporasiyasında olub və ali təhsil müəssisələrinin rektorları ilə görüşüb.
Görüşlərdə akademik mübadilə, birgə tədqiqatlar və ikili diplom proqramları kimi sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi mövzusunda müzakirələr aparıb.
Gülçöhrə Məmmədovanın Beynəlxalq Təhsil Korporasiyasının rektoru professor Marqarita İmandosova ilə görüşü zamanı əməkdaşlıq müqaviləsi də imzalanıb. Müqavilədə iki universitet arasında əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsi nəzərdə tutulub.