AzTU ilə Çinin aparıcı universiteti arasında Əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb
Bakı, 25 may, AZƏRTAC
Çin Xalq Respublikasının Tonqci Universitetinin vitse-prezidenti professor Li Xiangningin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov universitet barədə təqdimatla çıxış edib. Prorektor qonaqlara AzTU-da görülən işlər, həyata keçirilən mühəndislik layihələri barədə geniş məlumat verib.
Tonqci Universitetinin vitse-prezidenti professor Li Xiangning təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən bəhs edərək, iki universitet arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş zamanı tədris və tədqiqat istiqamətində birgə layihələrin müvafiq istiqamətləri müəyynləşdirilib.
Sonda AzTU ilə Tonqci Universiteti arasında Əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.