“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində təlimlər təşkil olunub
Bakı, 16 noyabr, AZƏRTAC
“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” MMC arasında 2021/2022-ci illəri əhatə edən fəaliyyət planına əsaslanan əməkdaşlıq davam edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, hazırda layihə çərçivəsində “Bazarstore” mağazalar şəbəkələrində dual təhsil formasında real iş mühitində təcrübəyə əsaslanan iki təlim həyata keçirilir.
Bakı, Sumqayıt və Gəncə şəhərlərində satıcı-kassir ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim uğurla davam edir. Nəzəri və praktiki dərslərdən ibarət olan proqram 18 yaşdan yuxarı işsizlər üçün nəzərdə tutulub. Sözügedən təlimlərin həyata keçirilməsi üçün “Bazarstore” MMC Bakı, Sumqayıt və Gəncə şəhərlərinin hər birində mağaza müəyyən edib. İştirakçılar mağazalarda həftənin dörd günü praktiki təlimlərə, bir günü isə nəzəri təlimə (distant formatda) cəlb olunurlar. Təlimin sonunda keçiriləcək qiymətləndirilmə əsasında iştirakçılara dövlət nümunəli sertifikat veriləcək.
Altıaylıq diplom proqramı çərçivəsində isə Gəncə və Bərdə şəhərlərində yerləşən peşə məktəblərində ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar ixtisası üzrə təhsil alan tələbələr üçün iş əsaslı təlimə başlanılıb. Təhsil proqramının nəzəri hissəsi peşə məktəblərində həftədə iki gün, praktiki hissəsi isə həmin şəhərlərdə fəaliyyət göstərən “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində üç gün real iş şəraitində təşkil olunur. İştirakçılar ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyət kimi mövzular üzrə nəzəri və praktiki bilik və bacarıqları əldə edirlər. Praktiki təlim “Bazarstore” MMC-nin peşəkar ustalarının nəzarəti və rəhbərliyi ilə həyata keçirilir. Bütün təlim iştirakçıları fərdi qəza sığortası, qida və uniforma ilə təmin ediliblər.
Qeyd edək ki, “Bacarıqlı ol” usta yanında öyrənmə proqramının məqsədi peşə məktəblərinin tələbələri və işsiz gənclərin təlimini praktiki formada və iş şəraitinə ən yaxın şəkildə təşkil etmək, peşə təhsilinin əhatəliliyini və proqram məzunlarının işəgötürülmə imkanlarını artırmaqdan ibarətdir.