Bağlanmış banklarda təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Nazirlər Kabinetinə məktub ünvanlanıb
Bakı, 6 iyul, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən ləğv prosesində olan “Ata Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Nazirlər Kabinetinə məktub ünvanlanıb.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, “Ata Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib. Təshih tədbirlərinin tətbiqinə baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul edilib, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyənləşdirilib.
Bundan əlavə, “Ata Bank” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının ADIF-ə təhvil verdiyi ləğv prosesində olan “Ata Bank”ın əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb. Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb.