“Bakcell” şirkəti “ITU Telecom World 2017” sərgisində iştirak edir
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Koreya Respublikasının Busan şəhərində keçirilən “ITU Telecom World 2017” beynəlxalq sərgisində iştirak edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən "ITU Telecom World 2017”də Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Dörd gün davam edəcək "ITU Telecom World 2017” sərgisi üzv ölkələr və İKT sahəsində fəaliyyət göstərən şirkətlərə innovativ xidmətlər, tətbiqlər və həlləri nümayiş etdirməyə imkan verir. Qeyd edək ki, müxtəlif dövlətləri təmsil edən 500-ə yaxın şirkətin qatıldığı sərgidə Azərbaycanın da milli pavilyonu quraşdırılıb. Milli pavilyondakı “Bakcell” stendində sərgi iştirakçılarına şirkətin xidmət və məhsulları təqdim olunur.
Səkkiz minə yaxın dövlət rəsmisi, elm adamı və biznes liderlərinin qatıldığı tədbirin əsas məqsədi kiçik və orta müəssisələrin texnoloji innovasiyalarını dəstəkləmək və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verməkdir. Hər il keçirilən beynəlxalq tədbir iştirakçılar üçün biliklərin mübadiləsi, maraqlı müzakirələr, müxtəlif ölkələr, təşkilatlar və şəxslər arasında İKT sahəsində işgüzar əlaqələrin qurulmasına imkan verir. Tədbir zamanı süni intellektin telekommunikasiya şəbəkəsinə tətbiqi, əşyaların interneti sahəsində yeniliklərin və süni intellektin şəhər həyatına təsiri və ictimai xidmətlərin yüksək səviyyəyə çatdırılmasında oynadığı rol haqqında maraqlı sessiya və müzakirələr keçirilir.