BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8985 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 1 milyon 650 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0001 bənd qalxaraq, 0,8986 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8986 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 milyon 652 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 484 697 AZN təşkil edir. Bir əqdə orta hesabla 413 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
Qeyd etmək lazımdır ki, EHBS-də AUR/AZN T+0 aləti üzrə 200 min avro məbləğində bir əqd bağlanmışdır. Avronun məzənnəsi 1,1455 AZN olmuşdur.
Banklar EUR/AZN T+1 və RUB/AZN T+0 və T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,75 faiz, ABŞ dolları üzrə isə 14,48 faiz təşkil etmişdir.
İyunun 1-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.