BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ İMƏCİLİK KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Bakı Dövlət Universitetində (BDU) yeni dərs ilinin başlanması ərəfəsində iməcilik keçirilmişdir. Universitetin 3 minədək əməkdaşı, o cümlədən professor və müəllimləri ayrı-ayrı tədris korpuslarında və onların həyətlərində yaşıllaşdırma işləri görmüş səliqə-sahman yaratmışlar.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov təhsilinin inkişafına dövlət qayğısından danışaraq bildirmişdir ki, Azərbaycan Prezidentinin “Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən yeni tədris korpusunun inşası üçün ayrılmış 4,6 milyon manat məbləğində əlavə vəsait hesabına korpusun tikintisi başa çatdırılmışdır.
Müasir tələblərə cavab verən elektron kitabxanası, konfrans salonu, 300-dən çox auditoriya, kafedra və laboratoriyası olan yeni tədris korpusuna universitetin tətbiqi-riyaziyyat və kibernetika, mexanika riyaziyyat, tarix fakültələrinin köçürülməsi nəzərdə tutulmuşdur. Yaxın günlərdə yeni tədris korpusunun açılışı olacaqdır.
A.Məhərrəmov Çindən 12 mindən çox yeni parta gətirildiyini, universitetin tədris korpuslarının digər müasir avadanlıqla təchiz edildiyini də bildirmişdir.
######
