ELM VƏ TƏHSİL
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏNİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 2 iyun (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU) Xalq Şairi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tanınmış elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tələbələrin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, professor Şirməmməd Hüseynov görkəmli şair və alim Bəxtiyar Vahabzadənin mənalı ömür yolundan, ədəbiyyatımızın, elm və təhsilimizin inkişafındakı mühüm xidmətlərindən danışmışlar.
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəkidə anadan olmuşdur. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini, 1950-ci ildə aspiranturanı bitirmişdir. O, bütün mənalı ömrü boyu Bakı Dövlət Universitetində çalışmış, geniş elmi və pedaqoji, ədəbi fəaliyyətlə məşğul olmuşdur.
B.Vahabzadə 1951-ci ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Bəxtiyar Vahabzadə ədəbi-bədii fikrin, milli təfəkkürün, milli düşüncənin formalaşmasında mühüm rol oynamışdır. Onun bədii və elmi əsərləri sonsuz maraq və rəğbətlə qarşılanmışdır.
Şairin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunmuşdur. Səmərəli xidmətlərinə görə Bəxtiyar Vahabzadə orden və medallara, o cümlədən yüksək dövlət təltifi olan “İstiqlal” ordeninə layiq görülmüşdür.
Digər çıxış edən alim və pedaqoqlar da görkəmli ədib Bəxtiyar Vahabzadənin ədəbiyyatımıza, elmimizə verdiyi dəyərli töhfələrdən, əsərlərinin əhəmiyyətindən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.
Tədbirdə şairin əsərləri əsasında hazırlanmış maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
######