Bakı Dövlət Universitetinin komandası futbol üzrə Azərbaycan çempionatının qalibi olub
Bakı, 1 may, AZƏRTAC
AFFA, Təhsil, Gənclər və İdman nazirliklərinin, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında təşkil edilən futbol üzrə Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası ilə Azərbaycan Texniki Universiteti ilə üz-üzə gəlib. Memarlıq və İnşaat Universitetinin komandası 2:1 hesabı ilə qalib gəlib.
Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin kollektivi qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Bakı Dövlət Universitetinin komandası çempion olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Sabir Əlişanov (Azərbaycan Memarlıq və İnşaat Universiteti) turnirin ən yaxşı müdafiəçisi, Nicat Mahmudov (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) ən yaxşı hücumçusu seçilib. Nurəli Əsədov (Bakı Dövlət Universiteti) isə çempionatın bombardiri olub.
Mükafatları AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və millət vəkili Fazil Qəzənfəroğlu təqdim ediblər.