BAKI-GÜRCÜSTAN SƏRHƏDİ AVTOMOBİL YOLUNUN TOVUZ DAİRƏVİ HİSSƏSİ PLANLAŞDIRILDIĞINDAN TEZ İSTİFADƏYƏ VERİLƏCƏKDİR
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Gürcüstan sərhədi avtomobil yolunun Tovuz dairəvi hissəsi planlaşdırıldığından tez, 2009-cu ilin yanvarında istifadəyə veriləcəkdir.
Artıq yolda torpaq işlərinin böyük hissəsi tamamlanmış, 6 kilometrlik hissəyə isə ikiqat asfalt salınmışdır. Magistralın üzərindəki 3 yol ötürücüsündən ikisi inşa olunmuş, sonuncu böyük körpünün tikintisi davam etdirilir.
Uzunluğu 10 kilometr olan Tovuz dairəvi avtomobil magistralının iki hərəkət zolağı olacaqdır. Dəyəri 10 milyon ABŞ dolları olan yolun işçi layihəsi Finlandiyanın “Finnroad” şirkəti tərəfindən hazırlanmışdır. İnşaat işləri üçün vəsait Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən ayrılmışdır.