İDMAN
Bakı Karate-do Akademiyasının yetirmələri ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər
Bakı, 24 aprel, AZƏRTAC
Bakı Karate-do Akademiyası uşaq və yeniyetmələr arasında bədən tərbiyəsi və idmana marağın artırılması, idmançıların yetişdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində idman ocağının yetirmələri bir sıra nüfuzlu turnirlərin qalib və mükafatçıları olublar.
Bunu AZƏRTAC-a müsahibəsində akademiyanın prezidenti, dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Vüsal Abdullazadə deyib.
O qeyd edib ki, dörd il əvvəl yaradılan akademiya həm beynəlxalq turnirlər, həm də ölkədaxili yarışları uğurla təşkil edir. Belə yarışlarda fərqlənən idmançılar ən nüfuzlu turnirlərdə ölkəmizi təmsil edirlər. Vüsal Abdullazadə deyib: “Akademiyanın yetirmələri Portuqaliyada keçirilən dünya çempionatı və döyüş növləri üzrə 10-cu festivalda yüksək nəticələr əldə ediblər. Təmsilçilərimiz Zaur Mirzəzadə (8-11 yaş, 28 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ilk pilləsində qərarlaşıb. Nihat Hüseynli (11-13 yaş, 33 kq) gümüş medal, Səid Rüstəmov (11-13 yaş, 43 kq) və İbrahim İbayev (8-11 yaş, 33 kq, Light WAC) isə bürünc medal əldə edib. Bütün bunlar atletlərimizin yüksək hazırlığından xəbər verir”.
Bakı Karate-do Akademiyasında 60-dan çox, filiallarında isə 3000-ə yaxın atlet karatenin sirlərinə yiyələnir. Vüsal Abdullazadə idmançıların hərtərəfli inkişafı üçün bir sıra tədbirlərin həyata keçirildiyini bildirib: “Akademiyanın yetirmələri arasında perspektivli atletlər çoxdur. Onların güclü idmançı kimi yetişməsi ilə yanaşı, vətənpərvərlik tərbiyəsi də diqqət mərkəzindədir. Müasir dövrdə gənc nəslin fiziki cəhətdən güclü olması ilə yanaşı, vətənpərvər, müasir və dünyagörüşlü, yüksək təhsilə malik gənclər kimi yetişməsi də vacib şərtlərdən biridir. Qəhrəman qazilərimizlə idmançıların görüşlərini təşkil edirik. Çalışırıq ki, idmançılarımız həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etsinlər”.
Vüsal Abdullazadə bildirib ki, akademiyanın yetirmələrini qarşıda bir sıra turnirlər gözləyir: “İdmançılarımız ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq turnirə hazırlaşırlar. Həmin yarışda 15 xarici ölkədən komandaların iştirakı planlaşdırılıb. Bu ilin noyabrında isə dünya çempionatı keçiriləcək. Bu nüfuzlu turnirdə iştirak edəcək idmançıların müəyyənləşməsi üçün bir sıra turnirlərin keçirilməsi nəzərdə tutulur”. Akademiyanın rəhbəri onu da qeyd edib ki, hər ilin yekunları təşkil edilir və fərqlənən karateçilər mükafatlandırılır.