BAKI METROPOLİTENİNİN “İÇƏRİŞƏHƏR” STANSİYASI İLİN SONUNADƏK İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov AZƏRTAC-a bildirmişdir ki, metronun yenidənqurma işləri aparılan “İçərişəhər” stansiyasının ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Metropolitenin rəisi bu yaxınlarda paytaxt sakinlərinin istifadəsinə veriləcək “Nəsimi” stansiyasının ardınca metronun yeni inkişaf planının icrasına başlanacağını da vurğulamışdır. Həmin plana əsasən, yaxın gələcəkdə Bakıda 10-dan çox stansiyanın tikilməsi nəzərdə tutulur. Hökumət tərəfindən yeni metro stansiyalarının tikintisini nəzərdə tutan 25 illik planın yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Bununla da, paytaxtda metro tikintisinə böyük vüsət veriləcəkdir. Eyni zamanda tunelqazan maşınların, beton istehsal edən avadanlığın alınması ilə metro tikintisi beynəlxalq standartlara uyğunlaşdırılacaqdır. Plana müvafiq olaraq, yaxın 10 ildə 20 stansiyanın tikilməsi nəzərdə tutulur.
Hazırda metronun “20 Yanvar” stansiyasından yeni avtovağzala metro çəkilişi ilə bağlı iş aparılır. Perspektiv planda isə yeni avtovağzaldan Xırdalana, oradan isə Sumqayıta yerüstü metronun çəkilməsi nəzərdə tutulur. Bundan əlavə, metro tunellərinin paytaxtın Günəşli və Badamdar yaşayış massivlərinədək uzadılması da gələcək plana daxildir.