RƏSMİ XRONİKA
BAKI MUSİQİ AKADEMİYASININ MADDİ-TEXNİKİ BAZASININ YAXŞILAŞDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda musiqişünas kadrların yetişdirilməsində böyük xidmətləri olan Bakı Musiqi Akademiyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə qərara alıram:
1. Bakı Musiqi Akademiyası binasının əsaslı təmir olunması və yeni musiqi alətlərinin alınması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 7,0 milyon (yeddi milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyası ilə razılaşdırılmış bölgüyə əsasən maliyyələşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 avqust 2007-ci il.