Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan etmişdir
Bakı, 20 sentyabr (AZƏRTAC). Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan etmişdir.
AZƏRTAC xəbər verir ki, müsabiqədə yalnız hüquq və avtomobil nəqliyyatına aid ixtisaslar üzrə ali və orta ixtisas təhsilinə, sürücülük vəsiqəsinə, kompyuter texnologiyaları sahəsində müvafiq biliyə malik, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən, yaşı isə 20-dən aşağı, 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Daxili işlər orqanlarında yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbul olunmaq istəyən şəxslərdən bu sənədlər - şəxsiyyət vəsiqəsi, orta ixtisas və ya ali təhsil haqqında diplom, hərbi bilet, əmək kitabçası (olanlar üçün), sürücülük vəsiqəsi, kompyuterlə işləmək bacarığını təsdiqləyən müvafiq sənəd (sertifikat və s.) tələb olunur.
Təqdim olunmuş sənədlər əsasında vətəndaşın müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Namizədlər yol hərəkəti qaydaları üzrə biliklərinin və sürücülük vərdişlərinin yoxlanılması üçün nəzəri və praktiki imtahanlara cəlb olunur, onların kompyuter texnologiyaları sahəsində bilik və bacarıqları mütəxəssislər tərəfindən yoxlanılır.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəs., M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) 2011-ci il sentyabrın 20-dən oktyabrın 20-dək hər gün (bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul olunacaqdır.
Əlaqə telefonu: (012) 510-72-90.