BAKI ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİ YENİ SAYTININ TƏQDİMATINI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi iyulun 15-də yeni saytının təqdimatını keçirmiş, 22 İyul - Milli Mətbuat günü münasibətilə bir neçə kütləvi informasiya vasitəsinə fəxri fərmanlar təqdim etmişdir.
Tədbirdə çıxış edən Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov rəhbərlik etdiyi qurumun son 6 ay ərzində həyata keçirdiyi kütləvi tədbirlər barədə məlumat vermişdir. Bundan əlavə, Milli Olimpiya Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan müxtəlif maliyyə vəsaitləri hesabına il ərzində müxtəlif idman yarışları, gənclər sahəsində bir sıra tədbirlər keçirilib.
Qurumun xarici əlaqələri də kifayət qədər genişdir. R.Abbasov yaxın zamanlarda Bolqarıstanın Varna şəhəri ilə gənclər və idman sahəsində əməkdaşlığın qurulmasının nəzərdə tutulduğunu söyləmişdir. Penitensiar xidmət orqanları ilə əməkdaşlıq sayəsində məhbuslar arasında sağlam həyat tərzi təbliğ olunur.
R.Abbasov demişdir ki, 27 illik fasilədən sonra Nargin adasından Milli Parka qədər üzgüçülük marafonu yenidən keçirilmişdir.
Bu il Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənclər təşkilatlarının 14 nəfər üzvü xaricdə keçirilən tədbirlərə ezam olunmuşdur. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
İdarənin bu il keçirdiyi ən mühüm tədbirlərdən biri də paytaxtımızın 2016-cı il Olimpiya və Paralimpiya Oyunlarını qazanması üçün dəstək kampaniyalarıdır. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda futbolun inkişafına dair müvafiq dövlət proqramına uyğun olaraq geniş tədbirlər, o cümlədən məhəllələrarası çempionat həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar BŞGİBİ silsilə tədbilər, müxtəlif yarışlar, dəyirmi masalar təşkil etmişdir.
Hazırda bir neçə böyük layihənin həyata keçirilməsi üçün işlər gedir. R.Abbasov ilk növbədə Pekin Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının yolasalma mərasiminin təşkil olunması üçün hazırlıq görüldüyünü söyləmişdir. Bundan əlavə, biz Xəzər dənizi sahili ölkələrinin birinci idman oyunlarını keçirmək niyyətindəyik.
Paytaxtın gənclərin Bakı forumunun 5-ci toplantısını təşkil etmək gündəmdə duran məsələlərdəndir.
BŞGİBİ-nin fəaliyyəti yeni istifadəyə verilmiş saytda daha geniş əks olunacaqdır. http://www.dysbaku.az/ ünvanında yerləşən sayt yeddi bölmədən ibarətdir. Saytda idarənin strukturu, rayon gənclər və idman idarələri, tədbirlər planı və digər mövzular barədə məlumatlar yerləşdirilmişdir.
Daha sonra 22 İyul - Milli Mətbuat günü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlərini operativ işıqlandıran bir qrup kütləvi informasiya vasitəsi mükafatlandırılmışdır.
Gənclər və idman sahəsində keçirilən tədbirlərin geniş işıqlandırılmasına görə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) - fəxri fərmanla təltif olunmuşdur.