Bakı Şəhəri üzrə Təhsil İdarəsi mayda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqlayıb
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə mayda daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, göstərilən müddətdə ümumilikdə, 5.421 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1.735 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2.008 müraciət daxil olub. Yüz altmış üç vətəndaş sorğusuna uyğun olaraq elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1.216 sənəd (vətəndaşlar tərəfindən 219 ərizə, Təhsil Nazirliyindən 235 digər qurumlardan 273 məktəblərdən 348 məktub, 44 strukturdaxili yazışma və 97 kadr ərizəsi) qəbul edilib və qeydiyyata alınıb. Həmçinin 299 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.
Mayda, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının dörd rayonu (Nəsimi, Binəqədi, Xətai və Suraxanı) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra məsələlər araşdırılaraq operativ həll olunub.