BAKI ŞƏHƏRİNDƏ QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də Bakı şəhərinin “Təzə bazar” MMC-nin, Sabunçu, Badamdar qəsəbələrinin və 6 nömrəli ticarət mərkəzinin ərazilərində quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada alıcılara İmişli, Hacıqabul, Xızı, Giləzi və digər quşçuluq müəssisələrinin məhsulları - toyuq əti və yumurta təklif olunmuşdur.
Hər həftə mütəmadi olaraq satışa məhsul çıxaran İmişli broyler fabrikinin işçisi Faiq Əhmədov keyfiyyətli və təzə toyuq ətinin kiloqramını növlərinə görə 2 manat 40 qəpiyə, 2 manat 60 qəpiyə, içalatı isə 2 manata verirdi. Giləzi quşçuluq şirkətindən Sabir Qarayev, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən Əfrail İsmayılov, Əliəkrəm Fərzəliyev, Goradil fabrikindən Rahib İgidov yumurtanın birini 11 qəpiyə, qəfəsini 3 manata, satırdılar.
Şəhər sakinləri təzə məhsulları həvəslə alır, quş ətinin və yumurtanın bazar qiymətlərindən ucuz olduğunu razılıqla qeyd edirdilər.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 20 ton toyuq əti və 500 min ədədə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.