BAKI SLAVYAN UNİVERSİTETİNDƏ YAY MƏKTƏBİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetində Almaniyanın Bonn Universiteti ilə birgə layihənin - Yay məktəbinin açılışı olmuşdur.
BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları salamlayaraq demişdir ki, bu gün universitetdə Yay məktəbi məşğələləri başlanır. Məşğələlərdə AFR-dən 20 tələbə Azərbaycan və rus dillərini öyrənəcəkdir. Onlar burada səmimi qarşılanmışlar və ailələrdə yaşayacaqlar ki, bu da praktik bilik toplamalarına kömək edəcəkdir. Rektor BSU-da yenicə açılmış alman dili bölməsinə daxil olmuş tələbələri də təbrik etmiş və ümidvar olduğunu bildirmişdir ki, iki ölkənin universitetləri arasında əlaqələr bundan sonra da inkişaf edəcəkdir.
Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina məmnunluqla bildirmişdir ki, iki ölkə arasındakı əlaqələr bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf edir. Almaniyanın müxtəlif universitetlərindən olan tələbələrin iştirak etdikləri bu layihə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının daha bir göstəricisidir.
Layihənin Bonn Universiteti tərəfindən rəhbəri, Bakı Dövlət Universitetinin məzunu, professor Yeva-Mariya Aux demişdir ki, Bakıda işləmək ona xüsusi sevinc bəxş edir. O, layihənin məqsədindən danışmış, almaniyalı tələbələrin yaşayacaqları ailələrə minnətdarlığını bildirmişdir.
Layihənin BSU-dan olan əlaqələndiricisi Rəhilə Qeybullayeva vurğulamışdır ki, bu, tələbələrin bir-biri ilə ünsiyyət zamanı praktik biliklər əldə etmələri, təkcə Yay məktəbində məşğul olmaları üçün deyil, həm də BSU professorlarının mühazirələrini dinləmələri üçün gözəl imkandır.
Sonra tədbir iştirakçıları keramikaçı rəssam Fidan Muradəliyevanın sərgisi ilə tanış olmuşlar.