BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN NASOS STANSİYASI İLƏ TANIŞLIQ
Sonra Prezident İlham Əliyev burada görülmüş işləri əks etdirən stend və xəritə ilə tanış oldu. Dövlətimizin başçısına görülmüş işlər - buxarlanma hovuzu, dizel yanacağı ehtiyatı, əsas generatorlar, yardımçı stansiya, mühafizə binası, nəzarət məntəqəsi, anbar, emalatxana, yaşayış binası, texniki xidmət sahəsi, yanğın əleyhinə su çənləri barədə ətraflı məlumat verildi.
Prezident İLHAM ƏLİYEV obyektdə çalışan fəhlələrlə görüşüb söhbət etdi:
- Mənə verilən məlumata görə, burada 600 nəfərə yaxın işçi var və onların 90 faizi azərbaycanlılardır. Onların nəqliyyat problemləri həll olunmuşdur, işçilərə yüksək səviyyəli yeməkxana xidmət göstərir. Minimum əmək haqqı 650 min manat, orta əmək haqqı isə 800 min manatdır. Bu kəmər bizə çox böyük fayda gətirəcəkdir. Bu, həqiqətən, tarixi bir tikintidir. Çoxlu iş yeri açılmış, tikintiyə böyük sərmayə qoyulmuşdur. Kəmər işə düşdükdən sonra ölkəmizə böyük mənfəət gətirəcəkdir. Siz də yaxşı çalışırsınız. Mən sizin işinizdən çox razıyam. Buradakı fəhlələr və mütəxəssislər çox peşəkar insanlardır. Bu, çox sevindirici haldır və göstərir ki, Azərbaycanda kadr potensialı güclüdür.
1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda bu sahədə çalışanların 90-95 faizi xaricilər idi. Ofislərdə də, yerlərdə də onlar çalışırdırlar. İndi belə bir mürəkkəb sahədə işləyənlərin 90-93 faizi yerli kadrlardır. Yəni siz təcrübə əldə etmisiniz və indi yaxşı çalışırsınız. Bu, məni çox sevindirir. Sizə uğurlar arzulayıram. Əminəm ki, bu iş vaxtında başa çatacaq, kəmər istifadəyə veriləcək və ölkəmiz bundan mənfəət götürəcəkdir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 8-də Yevlax səfərini başa çatdıraraq, Mingəçevir şəhərinə yola düşdü.