Bakı Zooloji Parkı könüllülük proqramına start verir
Bakı, 19 noyabr, AZƏRTAC
Bakı Zooloji Parkı könüllülük proqramına start verir.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından (AKTİ) AZƏRTAC-a bildiriblər ki, AKTİ-nin tərəfdaşlığı ilə həyata keçirilən seçimlər zamanı müraciət edən könüllülər Bakı Zooloji Parkında könüllü fəaliyyətinə cəlb olunacaqlar.
Proqram çərçivəsində könüllülər Bakı Zooloji Parkına gələn xarici və yerli qonaqları qarşılamaq, istiqamətləndirmək və məlumatlandırmaq, parkdakı heyvanlara qarşı düzgün davranış qaydalarına riayət etmək və onlara nəvaziş göstərmək üçün əhalini maarifləndirmək sahəsində fəaliyyət göstərəcəklər. Bundan əlavə, könüllülər ümumilikdə vətəndaşlar arasında heyvanlara xüsusi diqqətin göstərilməsi və onların qorunmasının təbliğində mühüm rol oynayacaqlar. Proqramı uğurla başa vuran könüllülər sertifikat və dəyərli hədiyyələrlə təltif ediləcəklər.
Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Təxminən dörd il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb. Zooparkın yaradılmasında əsas məqsəd onun insanların canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir.
Proqrama qatılmaq istəyənlər noyabrın 29-dək https://bit.ly/3EwS6FY qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər.