BAKIDA 15-Cİ YUBİLEY BEYNƏLXALQ QİDA SƏNAYESİ SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 25 may (AZƏRTAC). Mayın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində İteca Caspian LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə “Worldfood-2009” 15-ci yubiley Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi açılmışdır.
Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun 15 illik tarixi boyu bu tədbirin Xəzər regionunun ən böyük və uğurlu sərgilərindən birinə çevrildiyini, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç isə son illər Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun böyük sürətlə inkişaf etdiyini diqqətə çatdırmışlar. H.Kılıç Azərbaycanın kənd təsərrüfatı sektorunda potensialının yüksək olduğunu və Türkiyənin bu sahədə ölkəmizlə əməkdaşlıq etdiyini söyləmişdir.
Azərbaycan Ticarət və Sənaye Palatasının sərgi departamentinin rəisi İlham Hüseynov qurumun sərgi iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur.
Böyük Britaniyanın İTE Group şirkətinin icraçı direktoru Edvard Stroon 15 il ərzində sərgiyə 800-ə qədər şirkətin cəlb edildiyini, bu tədbirin qida sənayesi sektorunda qabaqcıl texnologiyalarla və son nailiyyətlərlə tanış olmaq üçün əlverişli meydan, həmçinin istehsalçı və isteklakçıların görüş yeri olduğunu vurğulamışdır.
Sərginin açılışını bildirən rəmzi lent kəsiləndən sonra iştirakçılar ekspozisiya ilə tanış olmuşlar.
Sərgi çərçivəsində KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Mayın 27-dək davam edəcək sərgidə Almaniya, Türkiyə, İtaliya, Çexiya, Litva, Ukrayna, ilk dəfə olaraq Tailand və digər ölkələrdən 90-dək şirkət iştirak edir. Tədbirdə Belarus, Pakistan və Rusiyanın milli qrupları təqdim olunur. Rusiyanın Tambov vilayətinin qida sahəsində uğurları isə ayrıca stenddə nümayiş etdirilir.
######
![]() |
![]() |

