BAKIDA ARIÇILIQ MƏHSULLARININ RESPUBLİKA SƏRGİ-SATIŞ YARMARKASI AÇILMIŞDIR
![]() |
![]() |
![]() |
Bu münasibətlə keçirilən mərasimdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirmişdir ki, sərginin məqsədi arıçılığı təbliğ etmək, müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının diqqətini sahənin inkişafının vacibliyinə yönəltmək, arıçıları maarifləndirməkdir. Nazir müavini vurğulamışdır ki, sahənin inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, arıçılığın inkişafı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında xüsusi qeyd edilmişdir. Öz növbəsində nazirlik arıçılara dəstəyini əsirgəmir.
Sahənin inkişafı ilə əlaqədar bir sıra layihələrin reallaşdırıldığını qeyd edən Aslan Aslanov məlumat vermişdir ki, bu yaxınlarda Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) nazirliyin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin köməyi ilə 350 müxtəlif təyinatlı təsərrüfat yaradılmışdır. Onların 9-u arıçılıq üzrə damazlıq təsərrüfatıdır. Bundan əlavə, Dünya Bankının təmsilçisi Peter Tomson Azərbaycanda olarkən kənd investisiya layihələri çərçivəsində üstün sahə kimi xüsusilə dağ rayonlarında arıçılığın inkişafına dəstək verəcəyini vəd etmişdir.
Nazir müavini xatırlatmışdır ki, sərgi-satış yarmarkası altıncı ildir ki, keçirilir və bu müddətdə arı ailələrinin sayı 58 min artaraq 155 minə çatmışdır. Təbiidir ki, məhsuldarlıq da yüksəlmişdir.
Mərasimdə Dağ Arıçıları İctimai Birliyinin sədri Samir Quliyev, astaralı arıçı Əlikram Salayev, Gəncədəki “Apimedfarm” MMC-nin direktoru Könül Ağayev, Türkiyə Arıçılar Assosiasiyasının təmsilçisi Bəhri Yilmaz çıxış etmişlər.
Sərgi-satış yarmarkasına 50-dən artıq şəhər və rayondan 300-ə yaxın arıçı gəlmişdir. Xatırladaq ki, tədbir çərçivəsində arı ailələrinin qışa hazırlanması, damazlıq işlərinin təşkili, xəstəliklərə qarşı mübarizə mövzularında söhbətlər, arıçılığa dair müsabiqə, alim və mütəxəssislərin iştirakı ilə elmi-praktiki konfrans, keyfiyyətli bal istehsalı ilə bağlı diskussiya keçiriləcəkdir.
Sərgi iştirakçıları qabaqcıl təcrübə ilə tanış olmaq üçün oktyabrın 1-də Quba rayonuna səfər edəcəklər.


