Bakıda Avstriyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Avstriyanın Azərbaycandakı səfirliyi ölkəsinin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərin, deputatların, diplomatların, iş adamlarının iştirak etdikləri qəbul Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex Milli Günün tarixi, ölkəsinin inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini deyən səfir iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələrin daha genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Son vaxtlar Avstriyada Azərbaycana marağın artdığını deyən A.Vex gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Səfir bu qəbulun Avstriyanı Azərbaycanda tanıtmaq üçün imkan yaratdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Vyana Ticarət və Sənaye Palatasının sədri Valter Ruk Avstriya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu, məhz bu məqsədlə ölkəmizə səfər etdiyini deyib. Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsində maraqlı olduqlarını vurğulayan V. Ruk kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.