BAKIDA AZƏRBAYCAN VƏ RUSİYA GİMNASTLARININ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Təbirdə çıxış edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və Rusiya yığma komandasının baş məşqçisi İrina Viner idmnaçıları salamlayaraq ölkəlmizdə bu idman növünün sürətlə inkişafında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulamışlar. İrina Viner Altay Həsənova xatirə hədiyyəsi təqdim etmişdir. Hər iki ölkənin himni səsləndirildikdən sonra yarış açıq elan olunmuşdur.
Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionatlarının qalibi Alina Kabayeva yarışlarda dörd dəfə Rusiya himnini səsləndirməyə müvəffəq olmuşdur. Təcrübəli gimnast iplə, topla, gürzlə hərəkətlərdə və çoxnövçülük üzrə yarışlarda turnirin qızıl medalına layiq görülmüşdür. Bu növlərdə rusiyalı Olqa Kapranova ikinci, Azərbaycan gimnastı Aliyə Qarayeva isə üçüncü yer tutmuşlar. Yalnız lentlə hərəkətlərdə Aliyə Qarayeva Rusiya təmsilçilərini üstələyərək turnirin qızıl medalına sahib olmuşdur. Lentlə hərəkətlərin nəticələrinə əsasən, Alina Kabayevaya gümüş, Olqa Kapranovaya isə bürünc medallar təqdim olunmuşdur.
Yeniyetmə gimnastların komanda yarışlarında Rusiya yığması fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Azərbaycanın birinci komandası gümüş, ikinci yığma komandamız isə bürünc medallar qazanmışdır.
Yarışdan sonra Beynəlxalq Gimnastika Federasiyasının 125 illik yubileyi münasibətilə böyük konsert olmuşdur.