BAKIDA AZƏRBAYCAN VƏ RUSİYA GİMNASTLARININ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və Rusiya yığma komandasının baş məşqçisi İrina Viner idmançıları salamlayaraq, ölkəmizdə bu idman növünün sürətlə inkişafında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulamışlar. İrina Viner Altay Həsənova xatirə hədiyyəsi təqdim etmişdir. Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunmuşdur.
Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionatlarının qalibi Alina Kabayeva yarışlarda dörd dəfə öz ölkəsinin himnini səsləndirməyə müvəffəq olmuşdur. Təcrübəli gimnast iplə, topla, gürzlə hərəkətlərdə və çoxnövçülük üzrə yarışlarda turnirin qızıl medalına layiq görülmüşdür. Bu növlərdə rusiyalı Olqa Kapranova ikinci, Azərbaycan gimnastı Aliyə Qarayeva isə üçüncü yer tutmuşdur. Yalnız lentlə hərəkətlərdə Aliyə Qarayeva Rusiya təmsilçilərini üstələyərək turnirin qızıl medalına layiq görülmüşdür. Lentlə hərəkətlərin nəticələrinə əsasən, Alina Kabayevaya gümüş, Olqa Kapranovaya isə bürünc medal verilmişdir.
Yeniyetmə gimnastların komanda yarışlarında Rusiya yığması fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Azərbaycanın birinci komandası gümüş, ikinci yığma komandamız isə bürünc medal qazanmışdır.
Yarışdan sonra Beynəlxalq Gimnastika Federasiyasının 125 illik yubileyi münasibətilə təntənəli konsert olmuşdur.