BAKIDA KEÇİRİLƏN AVROPA ÇEMPİONATI OLİMPİYA OYUNLARINA HAZIRLIĞIN BİR MƏRHƏLƏSİDİR
AZƏRTAC xəbər verir ki, bu bəyanatı Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti Jorj Gelzek iyunun 29-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə 23-cü Avropa çempionatına hazırlığın gedişi, təşkilati və digər məsələlərlə bağlı mətbuat konfransında bildirmişdir. Qarşıdakı qitə çempionatı ilə bağlı nikbinliyini ifadə edən Jorj Gelzek, yarışların yüksək səviyyədə keçəcəyinə inandığını söyləmişdir. Bakıda Avropa birinciliyini keçirmək üçün hər cür şəraitin olduğunu diqqətə çatdıran UEG rəsmisi, qitə çempionatının Olimpiya Oyunlarına hazırlığın bir mərhələsi olduğunu söyləmişdir.
Bakının yeni infrastrukturundan və yarışların yüksək təşkilatçılığından razılığını bildirən UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder, iki il əvvəlki dünya birinciliyinə nisbətən qitə çempionatının yüksək səviyyədə təşkilinin Azərbaycanın daha bir addım irəliyə inkişafının bariz nümunəsi olduğunu vurğulamışdır.
UEG mətbuat mərkəzinin rəhbəri Daniel Düşo isə yarışlara mətbuatın böyük marağını qeyd edərək, xarici ölkələrdən qitə çempionatını işıqlandırmaq üçün 25-dək jurnalistin gəldiyini demişdir.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov isə gimnastlarımızın uğurlu nəticə qazanacaqlarına ümid etdiyini söyləyərək, müxtəlif ölkələrdən təşrif buyuran qonaqların Bakıdan xoş təəssüratlarla ayrılması üçün hər cür şəraitin yaradıldığını bildirmişdir.
Azərbaycan yığma komandasının baş məşqçisi Valentina Ukleina yarışdan-yarışa idmançılarımızın təcrübəsinin artdığını qeyd etmişdir. Qitə çempionatına ciddi hazırlaşdıqlarını bildriən V.Ukleina, hakimlərin obyektivliynə ümid etdiyini diqqətə çatdırmışdır.
Çempionatda 33 ölkədən 200-dən çox gimnast iştirak edir.