CƏMİYYƏT
Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
Bakı, 26 aprel, AZƏRTAC
“İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə tədbir iştirakçılarına institutun fəaliyyət istiqamətləri, ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə məlumat verilib. Qeyd edilib ki, hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası və müayinəsi üzrə ümumilikdə 8 laboratoriya var. Qafqazda ilk dəfə 2+ səviyyəli mobil səhra laboratoriyası AQTİ-nin tabeliyində fəaliyyət göstərir. Həmin laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı ərazidə operativ şəkildə götürülən nümunələri qısa müddətdə analiz edərək xəstəliyin aşkarlanmasına imkan verir. Həmçinin Türkiyə Akkreditasiya qurumu (TÜRKAK) tərəfindən Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) 39 parametr üzrə Beynəlxalq Akkreditasiyadan keçirilib. Eləcə də MBL və regional bölmələri 11 xəstəlik üzrə Milli Akkreditasiyadan uğurla keçib.
Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən baytarlıq laboratoriyalarının ümumi profili, infrastrukturu, avadanlıq və təchizatı, performansı, keyfiyyət təminatı, biotəhlükəsizlik və biomühafizə qaydaları, personalın səriştəliliyi yüksək qiymətləndirilib. Heyvan xəstəliklərinin diaqnostikasını və müayinəsini həyata keçirən laboratoriyalar dünyanın nüfuzlu şirkətləri tərəfindən təşkil olunan Beynəlxalq Peşəkarlıq Testlərində müxtəlif xəstəliklər üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.
Görüşdən sonra qonaqlar AQTİ-nin laboratoriyalarına, o cümlədən Mərkəzi Baytarlıq Laboratoriyasına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.