BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da paytaxtın rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Salyan, Tovuz, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş kənd təsərrufatı məhsulları satılırdı. Pensiyaçı Oqtay Əliyev, evdar qadınlar Minayə Kərimova, Ulduz Nəbiyeva və başqaları təzə, keyfiyyətli məhsulları həvəslə alaraq qiymətlərin bazardakından ucuz olduğuna görə fermerlərə minnətdarlıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bazar günü burada əhaliyə 15,9 ton məhsul, o cümlədən 4 ton ət, 2,5 ton bostan məhsulu, 4,2 ton tərəvəz, 3,5 ton meyvə, 1,2 ton kartof, 0,4 ton süd, 0,1 ton bal və s. satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada satışa üzüm, kələm, kartof, pomidor, bibər, kök, xiyar, alma, ət və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Bu məhsullar bazardakından 20-30 faiz uc
uz qiymətə satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, Balakən, Samux, Qobustan və digər rayonların fermerləri yarmarkaya, ümumilikdə, 10 tonadək məhsul gətirmişlər. Şəhər sakinləri burada həvəslə bazarlıq edir, təşkilatçılara minnətdarlıqlarını bildirirdilər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 3,5 tona yaxın məhsul çıxarmışdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günlərində Xətai rayonu ərazisində təşkil edilmiş yarmarkada 24,5 ton kartof, 1,5 ağartı, 36,8 ton meyvə, 56,5 ton tərəvəz, 4,9 ton ət və digər məhsullar satılmışdır. Şəmkirli fermerlərin yarmarkaya gətirdikləri kartofun alıcıları daha çox olmuşdur.
Yarmarkada ət və süd məhsulları müayinədən keçirildikdən sonra onların satışına icazə verilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun sözlərinə görə, Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada satışa 400 kiloqram üzüm, 900 kiloqram tərəvəz, Giləzi, Goradil broyler fabriklərindən 11 min ədəd yumurta çıxarılmışdır.