BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul, Göyçay və digər rayonlardan 17 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Burada qiymətlər bazardakından 25-30 faiz aşağı idi. Mal ətinin kiloqramı 4 manat 20 qəpiyə, kartof, soğan, pomidor 30, kələm, alma, şaftalı 50, üzüm, xiyar, bibər 40, yumurtanın biri 10 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada şəhər sakinləri təklif olunan müxtəlif çeşidli meyvə-tərəvəzi və heyvandarlıq məhsullarını həvəslə alırdılar.
İşçi qrupundan verilən məlumata görə, şənbə və bazar günləri yarmarkaya Salyan, Kürdəmir, Quba, Şəmkir, Qax və digər rayonlardan 263 tondan çox məhsul gətirilmiş və ucuz qiymətlərə satılmışdır.
Sentyabrın 6-7-də Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri satışa 56 tondan çox məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuz olmuşdur. Sakinlər meyvə-tərəvəzi, bitkiçilik məhsullarını, ət-süd məmulatlarını, konservləri həvəslə almışlar. Onlar məhsulun qiymətindən və keyfiyyətindən razı qalmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri bazardakından 30-35 faiz ucuz qiymətə 12 tondan çox məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada əhaliyə Ağsu və Qazax rayonlarından gətirilmiş təzə qarpız, pomidor, badımcan, kök, üzüm, alma, xiyar, kartof, digər meyvə-tərəvəz, bostan və süd məhsulları təklif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada 30 tondan çox məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy fermerləri satışa keyfiyyətli və ucuz meyvə-tərəvəz, bostan məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi F.Eminov bildirmişdir ki, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkada şənbə və bazar günləri Xaçmaz, Neftçala, İmişli, Daşkəsən, Beyləqan, Oğuz, Tovuz, Tərtər və digər rayonların fermerləri sakinlərə 49 ton kənd təsərrüfatı məhsulu, İmişli, Mərdəkan broyler fabriklərinin nümayəndələri isə 20 min yumurta təklif etmişlər. Burada da qiymətlər bazardakından xeyli aşağı olmuşdur.
######
![]() |
![]() |

