BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 20 aprel (AZƏRTAC). Aprelin 19-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 8 tondan çox geniş çeşiddə kənd təsərrüfatı məhsulları, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 4 ton tərəvəz, 3,5 ton kartof, 3 ton meyvə, 5 min ədəd yumurta, 30 kiloqram bal təklif olunurdu.
Yazın gəlişi ilə bağlı məhsulların çeşidində dəyişikliklər olmuşdur. Alıcılardan Şakir Əliyev demişdir ki, məhsulların keyfiyyəti və qiyməti hamını qane edir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, məhsulların qiyməti bazardakından 20-25 faizə qədər ucuzdur. Ümumilikdə isə iki gündə yarmarkada 22 tondan çox məhsul satılmışdır.
Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 2 manat 70 qəpiyə-3 manata, kök, kələm və çuğundur 40-50 qəpiyə, kartof və soğan 30-40 qəpiyə təklif edilirdi.
Bazar günü Yeni Yasamal yaşayış massivində, “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil olunan yarmarkada Qusar, Salyan, İmişli, Dəvəçi, Astara, Quba və digər rayonların fermerləri bir gün əvvəl gətirdikləri 54,9 ton kənd təsərrüfatı məhsullarının 80 faizdən çoxunu artıq satmışdılar. Yarmarkada soğan-kartofun kiloqramı 40-50 qəpiyə, kələm 20-30 qəpiyə, alma 30-50 qəpiyə, istixanada yetişdirilmiş xiyar 1 manata, pomidor 1 manat 50 qəpik-2 manata, göyərtinin bir neçə dəstəsi 10-20 qəpiyə təklif olunurdu.
Burada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı.
Alıcılar hər həftənin istirahət günləri yarmarkadan istədikləri məhsulları ucuz qiymətlərə almaq imkanına malik olduqları üçün təşəkkürlərini bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara alma, kartof, soğan, göyərti, kələm, mal və qoyun əti, bal təklif edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 78 ton tərəvəz, 76 ton meyvə, 46 ton kartof, 8 ton ət və digər məhsullar satılmışdır.
Yarmarkada məhsulun qiymətinə və çəkisinə nəzarət edilir, ət məhsulları baytar həkimin müayinəsindən keçirilir, ərazidə təmizliyə riayət olunurdu.
Aprelin 18-19-da Suraxanı rayonundakı yarmarkalarda ümumilikdə 49 ton məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 42 ton 500 kiloqram məhsul satılmışdır. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına bütün imkanlar yaradılmışdır. Gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar-pomidor, alma, armud, qoz, fındıq və digər məhsullar çoxluq təşkil edirdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 6 ton 500 kiloqram məhsul satmışlar. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, kartof, soğan, alma, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif olunmuşdur.
Yarmarkada yumurtanın biri 6 qəpiyə, almanın kiloqramı 20-50 qəpiyə, qoz ləpəsi 2 manat 50 qəpik - 3 manata, şabalıd 1 manat 50 qəpik - 2 manat 50 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat - 3 manat 50 qəpiyə satılmışdır.
Yarmarkalarda bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada sakinlər həvəslə bazarlıq edirdilər. Ağsu və Qazax rayonlarından gətirilmiş məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuz təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, iki gündə yarmarkada 18,5 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Goranboy, Ağstafa və Bərdə rayonlarından bol meyvə-tərəvəz, süd məhsulları gətirilmişdi. Sakinlər kənd təsərrüfatı məhsullarının ucuz qiymətlərindən və keyfiyyətindən razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, şənbə-bazar günləri Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada fermerlər 24,3 ton məhsul, o cümlədən 8 min yumurta çıxarmışdılar. Burada məhsullar bazar qiymətindən 30-40 faiz uçuz qiymətə təklif olunurdu.
Giləzi quşçuluq fabrikinin işçisi Kamal Mirzəyev hər həftə yarmarkaya təzə yumurta və toyuq əti gətirdiklərini bildirmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
