BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 4 may (AZƏRTAC). Mayın 3-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9 tondan çox geniş çeşiddə kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirmişdir ki, satılan məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur. Şənbə və bazar günləri yarmarkada 22 tondan çox məhsul satılmışdır.
Burada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 50 qəpiyə, quş əti 2 manat 70 qəpik-3 manata, kök, çuğundur 40-50 qəpiyə, kələm, kartof və soğan 30-40 qəpiyə, yumurtanın biri 5-6 qəpiyə təklif edilirdi.
Bazar günü Yeni Yasamal yaşayış massivində, “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil olunan yarmarkada Qusar, Salyan, İmişli, Dəvəçi, Astara, Quba və digər rayonların fermerləri bir gün əvvəl gətirdikləri 55,1 ton kənd təsərrüfatı məhsullarının çox hissəsini artıq satmışdılar. Yarmarkada təzə kartofun kiloqramı 80 qəpik-1 manata, faraş kələm 40 qəpiyə, təzə xiyar 80 qəpik-1 manata, pomidor 1 manat 20 qəpik-1 manat 80 qəpiyə, göyərtinin bir neçə dəstəsi 10-20 qəpiyə təklif olunurdu.
Burada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı.
Yarmarkada həvəslə alver edən alıcılar hər həftənin istirahət günləri buradan istədikləri keyfiyyətli kənd təsərrüfatı məhsullarını ucuz qiymətlərə almaq imkanına malik olduqlarını dönə-dönə vurğulayır, bu xeyirxah tədbirin təşkilinə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada alıcılar satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun verdiyi məlumata görə, yaramarkaya Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından 87,4 ton tərəvəz, 62 ton meyvə, 36,5 ton kartof və digər məhsullar gətirilmişdir. Alıcılar daha çox süd məhsullarını almışlar. Ümumiyyətlə, şənbə və bazar günlərində 202 tondan artıq kənd təsərrüfatı məhsulları satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Mustafa Rüstəmov demişdir ki, mayın 2-3-də Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada 42 tondan çox məhsul satılmışdır. Burada Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gəlmiş fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa müxtəlif çeşidli məhsul çıxarmalarına bütün imkanlar yaradılmışdır. Gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, çiyələk, alma, armud, alça, qoz, pomidor, təbii bal və digər məhsullar çoxluq təşkil edirdi.
Yarmarkada yumurtanın biri 5-7 qəpiyə, almanın kiloqramı 30-50 qəpiyə, qoz ləpəsi 2 manat 50 qəpik-3 manata, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat-3 manat 50 qəpiyə satılmışdır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 6 tondan artıq məhsul satmışlar. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, kartof, soğan, alma, toyuq əti, yumurta, çiyələk, kələm, balqabaq, göyərti və s. təklif olunmuşdur.
Yarmarkada bütün məhsulların keyfiyyəti ciddi yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilirdi.
Fermerlər və şəxsi təsərrüfat sahibləri onlara yaradılan şəraitdən, alıcılar isə məhsulların çoxluğundan və qiymətlərin münasibliyindən razılıqlarını bildirirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa müxtəlif meyvə-tərəvəz və süd məhsulları çıxarılmışdı. Sakinlər Ağsu və Qazax rayonlarından gətirilmiş və bazar qiymətlərindən 25-30 faiz ucuz təklif olunan məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, şənbə-bazar günləri yarmarkada 18 tondan çox məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə rayonlarından gətirilmiş keyfiyyətli kənd təsərrüfatı məhsulları münasib qiymətə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, şənbə-bazar günləri Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada alıcılara 26,2 ton məhsul, o cümlədən 8 min yumurta təklif edilmişdir. Burada məhsulların qiyməti bazardakından xeyli ucuz idi. Yazın gəlişi ilə əlaqədar yarmarkada tərəvəz və göy-göyərti çoxluq təşkil edirdi.
######
