BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 9 may (AZƏRTAC). Mayın 9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 13 tondan çox məhsul gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirmişdir ki, satılan məhsulların qiymətləri bazardakından 20-25 faiz ucuzdur. Burada həm fermerlər, həm də alıcılar üçün bütün lazımi şərait yaradılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində alıcılar məhsulların bolluğundan və qiymətindən razılıq edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, burada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 199,2 tondan çox meyvə-tərəvəz, kartof, ət və digər məhsullar çıxarılmışdı. Burada çiyələyin kiloqramı 1 manat 50 qəpiyə, alça 1 manat 80 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 48 tona yaxın məhsul təklif olunurdu. Fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmağa imkan yaradılmışdı. Satışa çıxarılmış məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, alma, armud, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş pomidor, eləcə də alça, çiyələk və digər məhsullar çoxluq təşkil edirdi.
Burada yumurtanın biri 5-6 qəpiyə, almanın kiloqramı 30-50 qəpiyə, qoz ləpəsi 2-3 manata, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat-3 manat 50 qəpiyə satılırdı. Təzəcə yetişən alçanın növündən asılı olaraq qiyməti 1-4 manata, çiyələyin kiloqramı isə 2 manata təklif olunurdu.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya Cəlilabad rayonunun fermerləri 8 ton 200 kiloqram məhsul gətirmişdilər. Alıcılara təklif olunan ət, ağartı, kartof, soğan, alma, nar, heyva, toyuq əti, yumurta, alça, kələm, balqabaq, çiyələk və göyərtinin qiyməti bazardakından xeyli ucuz idi. Yarmarkalardan əlidolu çıxan şəhər sakinləri həm qiymətlərin ucuz olmasından, həm də mal və məhsulun çeşidinin çoxluğundan razılıq edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov, bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini bildirmişdir. Bugünkü yarmarkada Samux və Cəlilabad rayonları fermerlərinin fəallığı vurğulanmışdır.
Şənbə günü Yeni Yasamal yaşayış massivində “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinləri Salyan, Quba, Qusar, Dəvəçi, Astara, İmişli və digər rayonların fermer təsərrüfatlarından gətirilmiş təzə kələm, badımcan, ağartı, kartof, soğan, alma, yerkökü, çuğundur, xiyar, pomidor, sitrus meyvələri, göyərti və digər məhsulları həvəslə alırdılar. Hər dəfə olduğu kimi, bu gün də Salyan rayonunun Qızılağac kəndindən - Zöhrab Böyükağa oğlunun “Qırxçıraq” fermer təsərrüfatından gətirilmiş təzə mal və qoyun əti üçün böyük növbə yaranmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirmişdir ki, bugünkü yarmarkaya fermerlər və şəxsi təsərrüfat sahibləri 49,2 ton məhsul gətirmişlər. O, satışa çıxarılan məhsullar arasında Salyan rayonundakı “Hacı Camalxan” kəndli fermer təsərrüfatından gətirilmiş süd məhsullarının, həmin rayondan Əlhəm Həsənovun, Astaradan Tariyel Məmmədovun müxtəlif çeşidli məhsullarının öz keyfiyyəti və ucuzluğu ilə seçildiyini vurğulamışdır.
Yarmarkada təzə kartof-soğanın kiloqramı 50-80 qəpiyə, kələm 30-40 qəpiyə, çiyələk 1 manat 60 qəpik-2 manata, alça növündən asılı olaraq 2-3 manata satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonların fermerləri satışa 6 tondan çox kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bundan əlavə, alıcılara Giləzi və Hacıqabul quşçuluq fabriklərindən 45 min 200 yumurta gətirilmişdi.
Yarmarkaya Sabirabaddan gətirilmiş çiyələyi qəsəbə sakinləri böyük həvəslə alırdılar. Satıcı Nəcəf Vəlibəyov bildirdi ki, günün yeni başlamasına baxmayaraq artıq 40 kiloqramdan çox məhsul satmışam. Kiloqramını 1 manat 80 qəpiyə təklif etdiyim bu məhsul yaxşı alınır.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri qiymətə və keyfiyyətə nəzarət edirdilər. Yarmarkada təklif edilən məhsullar bazardakından 25-30 faiz aşağı idi. Qəsəbə sakinləri yarmarkaların davamlı təşkilindən razılıqla danışırdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada kənd təsərrüfatı məhsullarının bolluğu diqqəti cəlb edirdi. Alıcılar fermerlərin təklif etdikləri 8,2 ton kartof, 6,3 ton tərəvəz, 4,8 ton meyvəni həvəslə alır, məhsulların qiymətlərindən və keyfiyyətindən razılıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bu gün alıcılara Ağsu və Qazax rayonlarından gətirilmiş 19 ton məhsul təklif olunduğunu söyləmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy fermerləri satışa bazar qiymətlərindən 20-30 faiz ucuz olan meyvə-tərəvəz, süd məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə günü bakılılara Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 18,5 ton məhsul, o cümlədən 10 min yumurta təklif edilmişdir. Burada göyərtinin dəstəsi 7-8 qəpiyə, soğanın kiloqramı 20 qəpiyə, kartof 40-50 qəpiyə, kök 50 qəpiyə, xiyar 70 qəpiyə, pomidor 1 manat 20 qəpiyə, quş əti 3 manata, pendir 1 manat 80 qəpiyə, yumurtanın biri 5 qəpiyə satılırdı.
Alıcılar Tərtər rayonu Dördyol qəsəbəsinin sakini Şəhriyar Əsgərovun yarmarkaya gətirdiyi təzə məhsulları həvəslə alırdılar.
######
