BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 18 may (AZƏRTAC). Mayın 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9 tondan çox məhsul, o cümlədən 1 ton ət, 0,3 ton ağartı, 3 ton tərəvəz, 2 ton meyvə, 3 ton kartof, 2 min yumurta, 20 kiloqram bal təklif olunurdu.
Bundan sonra yarmarkaya hər həftə məhsul gətirəcəyini bildirən sabirabadlı Murad Məmmədov təklif etdiyi göyərti, yumurta, kələm və çiyələyi ucuz qiymətə satırdı. Alıcı Səbinə Hacıyevanın sözlərinə görə, yaxın ərazidə yaşadığından ancaq buradan bazarlıq edir. Məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.
Ümumilikdə şənbə və bazar günləri yarmarkada 21 tondan çox məhsul satılmışdır.
Bazar günü Yeni Yasamal yaşayış massivində, “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil olunan yarmarkada Qusar, Salyan, İmişli, Dəvəçi, Astara, Quba və digər rayonların fermerləri bir gün əvvəl gətirdikləri 50 ton kənd təsərrüfatı məhsullarının çox hissəsini artıq satmışdılar. Bir gün əvvəl olduğu kimi, yarmarkada mal və qoyun ətinin, ağartı məhsullarının alıcıları çoxluq təşkil edirdi.
Burada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı. Baytar həkimi Çingiz Hüseynov bildirdi ki, gətirilən bütün məhsullar, xüsusilə də ət və ağartı məhsulları diqqətlə yoxlanılır, tələblərə uyğun gəlməyən malların satışına icazə verilmir.
Yarmarkada həvəslə alver edən alıcılar hər həftənin istirahət günləri buradan istədikləri keyfiyyətli kənd təsərrüfatı məhsullarını ucuz qiymətlərə almaq imkanına malik olduqlarını dönə-dönə vurğulayır, bu xeyirxah tədbirin təşkilinə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara tərəvəz, meyvə, konserv məhsulları, pendir, mal və qoyun əti, bal təklif edirdilər. Bazar qiymətlərindən çox ucuz olan bu məhsullar alıcılar tərəfindən həvəslə alınırdı. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 85,5 ton tərəvəz, 76,5 ton meyvə və digər məhsullar satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Mustafa Rüstəmov demişdir ki, mayın 16-17-də Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada 45 ton məhsul satılmışdır. Burada Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gəlmiş fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa müxtəlif çeşidli məhsul çıxarmalarına bütün imkanlar yaradılmışdır. Yarmarkadakı məhsullar arasında kartof, soğan, yerkökü, kələm, göyərti, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, qoz, istixana şəraitində yetişdirilmiş pomidor, habelə alça, çiyələk və digər məhsullar çoxluq təşkil etmişdir.
Yarmarkada yumurtanın biri 5-7 qəpiyə, almanın kiloqramı 30-50 qəpiyə, qoz ləpəsi 2 manat -2 manat 50 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat-3 manat 50 qəpiyə satılmışdır. Alça və çiyələyin kiloqramı 1 manat - 2 manat 50 qəpik olmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 7 ton 300 kiloqram məhsul satmışlar. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, kartof, soğan, alma, toyuq əti, yumurta, çiyələk, kələm, balqabaq, göyərti və s. təklif olunmuşdur.
Mustafa Rüstəmov demişdir ki, bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir. Mövsümlə əlaqədar olaraq bəzi məhsulların çeşidləri getdikcə artır.
Fermerlər və şəxsi təsərrüfat sahibləri onlara yaradılan şəraitdən, alıcılar isə məhsulların çoxluğundan və qiymətlərin münasibliyindən razılıqlarını bildirirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa müxtəlif meyvə-tərəvəz, o cümlədən kələm, kök, soğan, alma, xiyar, kartof, pomidor çıxarılmışdı. Sakinlər Ağsu və Qazax rayonlarından gətirilmiş və bazar qiymətlərindən xeyli ucuz təklif olunan məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, şənbə-bazar günləri yarmarkada 20 tonadək məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə rayonlarından gətirilmiş keyfiyyətli kənd təsərrüfatı məhsulları bazardakından 20-30 faiz ucuz qiymətə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, şənbə-bazar günləri Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 21,8 ton məhsul çıxarılmışdır. Bundan əlavə, alıcılara Giləzi və Goradil broyler fabriklərindən 10 min yumurta təklif olunurdu.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər. Burada məhsulların qiyməti bazardakından xeyli ucuz idi.
######
