BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 23 may (AZƏRTAC). Mayın 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Hacıqabul, Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 13 tondan çox məhsul, o cümlədən 5 ton tərəvəz, 4 ton kartof, 2 ton ət, 1,5 ton meyvə, 0,6 ton süd məhsulları gətirilmişdi.
Burada məhsulların bolluğu və ucuzluğu diqqəti cəlb edirdi. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kök, kələm, çuğundur, soğan və kartof 30-40-50 qəpiyə, yumurtanın biri 5 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində alıcılar məhsulların bolluğundan və qiymətindən razılıq edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, burada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 203,3 ton meyvə-tərəvəz, kartof, ət və digər məhsullar çıxarılmışdır. Yarmarkada kartof, gilas, lobya daha çox alınırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan gətirilmiş 43 ton 350 kiloqram məhsul təklif olunurdu. Fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmağa imkan yaradılmışdı. Satışa çıxarılmış məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, alma, armud, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş pomidor, eləcə də alça, çiyələk, ərik və digər məhsullar çoxluq təşkil edirdi.
Burada yumurtanın biri 5-6 qəpiyə, almanın kiloqramı 30-50 qəpiyə, qoz ləpəsi 2 manat -2 manat 50 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat-3 manat 50 qəpiyə satılırdı. Yarmarkada mövsümün əvvəlində yetişən alça və çiyələyin kiloqramı 1-2 manata, ərik isə 2-3 manata təklif olunurdu. Alıcılar bildirmişlər ki, ərik bazarda 4- 5, bəzən də 6 manata satılır. Ona görə də bu və ya digər məhsulları yarmarkadan almaq daha sərfəlidir.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya Cəlilabad rayonunun fermerləri 7 ton 450 kiloqram məhsul gətirmişdilər. Alıcılara təklif olunan ət, ağartı, kartof, soğan, alma, nar, heyva, toyuq əti, yumurta, alça, kələm, balqabaq, çiyələk və göyərtinin qiyməti bazardakından xeyli ucuz idi. Yarmarkalardan əlidolu çıxan sakinlər həm qiymətlərin ucuz olmasından, həm də mal və məhsulun çeşidinin çoxluğundan razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov ümumilikdə yarmarkaya 50 ton 800 kiloqram məhsulun çıxarıldığını bildirmişdir. Balakən rayonunun fermerləri və şəxsi təsərrüfat sahibləri də yarmarkada iştirak etməyə başlamışlar. Burada bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Şənbə günü Yeni Yasamal yaşayış massivində “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlər Salyan, Quba, Qusar, Dəvəçi, Astara, İmişli və digər rayonların fermer təsərrüfatlarından gətirilmiş ağartı, alma, yerkökü, çuğundur, xiyar, pomidor, kələm, sitrus meyvələri, göyərti və digər məhsulları həvəslə alırdılar. Nübar meyvə və tərəvəzlər-təzə kartof-soğanın, kələm, lobya, gilas, çiyələk, alça, ərik, gilənar və digər məhsulların bolluğu alıcılarda xoş ovqat yaratmışdı. Yarmarkada kartof-soğan 40-50 qəpiyə, kələm 30-40 qəpiyə, xiyar 30-50 qəpiyə, pomidor 1 manat 20-1 manat 50 qəpiyə, çiyələk 1 manat-1 manat 50 qəpiyə, alça növündən asılı olaraq 1-2 manata, gilas 2 manata təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirmişdir ki, bugünkü yarmarkaya fermerlər və şəxsi təsərrüfat sahibləri 55,8 ton məhsul gətirmişlər. O, satışa çıxarılan məhsullar arasında Salyan, Quba və Astara rayonlarının fermer təsərrüfatından gətirilmiş məhsulların öz keyfiyyəti və ucuzluğu ilə seçildiyini xüsusi vurğulamışdır. Alıcılar Salyandan-Miriş Mirişovun fermer təsərrüfatından gətirilmiş təzə mal və qoyun ətini də həvəslə alırdılar. Burada həmin məhsullar bazardakından iki dəfə ucuz qiymətə satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Sabirabad, Quba və digər rayonların fermerləri satışa 8 tondan çox kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bundan əlavə, alıcılara Giləzi və Hacıqabul quşçuluq fabriklərindən 14 min 900 yumurta gətirilmişdi.
Cəlilabaddan gətirdiyi təzə kartofun kiloqramını 30-50 qəpiyə təklif edən fermer Balaş Məmmədzadə bildirdi ki, bu il əkin sahəsində məhsul olduqca boldur. Bu səbəbdən də kartofun qiymətində artım müşahidə olunmur. Yarmarkaya cəmi ikinci dəfə məhsul gətirməyinə baxmayaraq 500 kiloqrama yaxın kartof satmışam.
Sabirabaddan ilk dəfə gətirilmiş çiyələk və gilası qəsəbə sakinləri həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri burada məhsulun qiymətinə və keyfiyyətinə xüsusi nəzarət edirdilər. Təklif edilən məhsullar bazardakından 25-30 faiz ucuzdur.
Alıcılar yarmarkaların davamlı təşkilindən razılıqla danışırdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada kənd təsərrüfatı məhsullarının bolluğu diqqəti cəlb edirdi. Alıcılar ucuz qiymətə təklif olunan meyvə-tərəvəzi həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bu gün alıcılara Ağsu və Qazax rayonlarından gətirilmiş 19 tondan çox məhsul təklif olunduğunu söyləmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da Ağstafa, Bərdə və Goranboy fermerləri satışa bazar qiymətlərindən xeyli ucuz olan kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə günü satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 20,3 ton məhsul çıxarılmışdır. Bundan əlavə, alıcılara Giləzi və Goradil broyler fabriklərindən 10 min yumurta təklif olunurdu.
Yarmarkada kartof 30 qəpiyə, soğan, kələm 40 qəpiyə, xiyar, kök 50 qəpiyə, pomidor 1 manata, badımcan 60 qəpiyə, çuğundur 70 qəpiyə, mal əti 4 manata, qoyun əti 4 manat 50 qəpiyə, yumurta 5 qəpiyə satılırdı. Alıcılar xaçmazlı fermer Şəhriyar Əsgərovun gətirdiyi 2 tona yaxın tərəvəzi və bostan məhsullarını həvəslə alırdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
