BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 30 may (AZƏRTAC). Mayın 30-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan geniş çeşiddə məhsul gətirilmişdi.
Səhər tezdən yarmarkaya gələn alıcılar - pensiyaçı Adilə Dadaşova, evdar qadın Hicran Vəliyeva və başqaları məhsulların bazarlara nisbətən ucuz olduğuna görə təşkilatçılara və fermerlərə minnətdarlıq edirdilər. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 2 manat 60-3 manat 20 qəpiyə, kartof, kələm, soğan, kök, çuğundur 40-50 qəpiyə, yumurtanın biri 6 qəpiyə və s. satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bu gün alıcılara 14,02 ton məhsul, o cümlədən 2 ton ət, 0,5 ton ağartı, 5 ton tərəvəz, 4 ton kartof, 2,5 ton meyvə, 4 min ədəd yumurta təklif olunur. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağıdır.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağdaş, Salyan, Sabirabad, Quba və digər rayonlardan gətirilmiş 8 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 13 min 600 ədəd yumurta çıxarılmışdı.
Sabirabadlı Vəli Fərəcov yarmarkaya 70 kiloqrama yaxın gilas gətirmişdir. Kiloqramını 1 manat 20- 1 manat 50 qəpiyə satırdı. Dediyinə görə, bu il məhsulu boldur. Günün yeni başlanmasına baxmayaraq, artıq məhsulun yarısını satmışdır.
Yasamal rayonunda bu şənbə günündən etibarən yarmarka yeni ünvanda- Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində fəaliyyət göstərməyə başlamışdır. Burada satıcılar və alıcılar üçün əlverişli şərait yaradılmışdır. Yarmarkada Salyan, Quba, Qusar, Dəvəçi, Astara, İmişli və digər rayonlardan gətirilmiş, ilin bu fəsli üçün xarakterik olan təzə meyvə və tərəvəz məhsulları çoxluq təşkil edirdi. Bolluq və çeşidlərin müxtəlifliyi qiymətlərə təsir göstərmiş, alıcıların seçim imkanını artırmışdı. Təzə kartof-soğanın kiloqramı bazarlardan xeyli ucuz qiymətə 40-50 qəpiyə, kələm 30-40, xiyar 30-50 qəpiyə, pomidor 1 manat 20-1 manat 50 qəpiyə, çiyələk 1 manat - 1 manat 50 qəpiyə, alça, növündən asılı olaraq, 60 qəpik-1 manata təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, bugünkü yarmarkada fermerlər və şəxsi təsərrüfat sahibləri satışa 52,2 ton məhsul çıxarmışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində şəhər sakinləri Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş meyvə-tərəvəz, ağartı, bostan və konserv məhsullarını həvəslə alırdılar. Yarmarkada kartof, lobya, pendir, gilas daha bol idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, bu gün əhaliyə 201,7 tondan çox kənd təsərrüfatı məhsulları təklif olunur.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan gətirilmiş 42 ton 250 kiloqram məhsul təklif olunurdu. Burada kartof, soğan, yerkökü, kələm, göyərti, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, qoz, pomidor, lobya, alça, çiyələk, gilas, ərik və digər məhsullar çoxluq təşkil edirdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri sakinlərə 7 ton məhsul təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, satışa 52 ton 250 kiloqram məhsul çıxarılmışdır. Bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya fermerlər 2 ton kələm, 3,7 ton soğan, 8,3 ton kartof, 1,2 ton xiyar və pomidor, digər kənd təsərrüfatı məhsulları gətirmişdilər. Şəhər sakinləri Ağsu və Qazaxdan gətirilmiş bu məhsulların qiymətlərinin sərfəli olmasından razılıq edirdilər. Ağsu rayon İcra hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirdi ki, bu gün yarmarkaya, ümumilikdə 18,8 ton meyvə-tərəvəz gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və Ağstafa fermerləri təzə və keyfiyyətli meyvə-tərəvəz, süd məhsulları satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 17,2 ton məhsul çıxarılmışdı. Bundan əlavə, alıcılara Giləzi və Goradil broyler fabriklərindən 6 min yumurta təklif olunurdu. Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razılıq edirdilər.
######
