BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində fəaliyyət göstərən yarmarkadakı əlverişli şərait, xüsusilə meydanın genişliyi alış-veriş üçün yaxşı imkan yaratmışdı. Məhsul bolluğu qiymətlərə də xeyli təsir göstərmişdi. Burada qiymətlər bazarla müqayisədə 30-40 faiz ucuz idi.
Məhsullar arasında Salyan, Astara, Qusar, Dəvəçi və digər rayonlardan gətirilmiş təzə kələm, kartof, badımcan, yerkökü, çuğundur, xiyar, pomidor, bibər, ağartı məhsulları, alça, gilas, ərik, sitrus meyvələri, göyərti və s. çoxluq təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, bugünkü yarmarkada satışa 54,2 ton məhsul çıxarılmışdır. Təkcə Salyan rayonundan 30 tondan çox məhsul gətirilmişdir.
Badamdar qəsəbəsində 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağdaş, Salyan, Sabirabad, Quba və digər rayonlardan gətirilmiş 8 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 10 min 700 ədəd yumurta çıxarılmışdı.
Bolluq və çeşidlərin müxtəlifliyi alıcıların seçim imkanını artırmışdı. Qəsəbə sakinləri məhsulların keyfiyyətindən və qiymətlərin ucuzluğundan razılıqla danışaraq, yarmarkaların davamlı təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, burada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara 203,7 tondan çox meyvə-tərəvəz, kartof, ət və digər məhsullar təklif edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan 45 ton 100 kiloqram məhsul gətirilmişdi. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, göyərti, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, qoz, pomidor, lobya, alça, çiyələk, gilas, ərik və digər məhsullar çoxluq təşkil edirdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri sakinlərə 7 ton 600 kiloqram məhsul təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsindəki 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa Ağsu və Qazaxdan gətirilmiş 19 tondan çox kələm, çiyələk, kartof, xiyar, soğan, alma, kök və s. çıxarılmışdı. Alıcılar həmin məhsulların qiymətlərinin bazardakından 30-35 faiz ucuz olduğunu söyləyirdilər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinləri Bərdə, Goranboy və Ağstafa fermerlərinin ucuz qiymətlərə satdıqları məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə. Əliyev küçəsindəki yarmarkada şənbə günü alıcılara Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri 22,7 ton kənd təsərrüfatı məhsulları təklif etmişlər.
######
