BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 16 iyun (AZƏRTAC). İyunun 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 6 tondan çox məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 1 ton kartof, 1 ton meyvə, 3 min ədəd yumurta, 20 kiloqram bal təklif edilirdi. Gədəbəyli Kamran Əliyev yarmarkaya 2 tondan çox kartof, soğan, kələm və yerkökü gətirmişdi. O, kartofun və soğanın kiloqramını 30-40, kələmi və yerkökünü isə 40-50 qəpiyə satırdı. Yarmarkada məhsulların qiymətləri bazardakından xeyli ucuz, keyfiyyəti yüksək olduğuna görə şəhər sakinləri onları həvəslə alırdılar. Ümumilikdə şənbə və bazar günləri yarmarkada satışa 19 tondan çox məhsul çıxarılmışdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri gilas, ərik, çiyələk, kartof, soğan, mal və qoyun əti, bal satırdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 107,8 ton tərəvəz, 5,4 ton ət, 34 ton kartof və digər məhsullar satılmışdır. Yarmarkada qiymətlərə və çəkiyə nəzarət edilir, ət baytar həkimin nəzarəti altında satılır, ərazidə təmizliyə riayət olunurdu.
İyunun 13-14-də Suraxanıda təşkil olunmuş yarmarkalarda 53 ton 500 kiloqram kənd təsərrüfatı məhsulları satılmışdır. Bunun 45 ton 700 kiloqramı “Günəş” ticarət mərkəzindəki yarmarkanın payına düşür. Burada satışa çıxıarılmış məhsullar arasında kartof, soğan, yerkökü, kələm, göyərti, balqabaq, ət, süd məhsulları, göyərti, yerli xiyar, pomidor, badımcan, yay alması, armud, lobya, habelə alça, çiyələk, gilas, ərik və digər məhsullar çoxluq təşkil etmişdir. Yumurtanın biri 7 qəpiyə, yay almasının kiloqramı 1 manata, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manata, alçanın 1 kiloqramı 80 qəpik-1 manata, çiyələk 1 manat-1 manat 50 qəpiyə, lobya 80 qəpik- 1 manat 50 qəpiyə, ərik 1 manat 50 qəpik-2 manata və s. təklif olunmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri şəhər sakinlərinə 7 ton 800 kiloqram məhsul satmışlar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya təzə və keyfiyyətli meyvə-tərəvəzlər, süd məhsulları gətirilmişdi. Ağsu və qazaxlı fermerləri həmin məhsulları bazardakından 30-35 faiz ucuz qiymətlərə təklif edirdilər. İşçi qrupunun məlumatına görə, şənbə və bazar günləri burada 19 tonadək meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy fermerləri satışa ucuz qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəz çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri əhaliyə Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 24,3 ton meyvə-tərəvəz, Giləzi və Goradil broyler fabriklərindən 20 min yumurta təklif olunmuşdur. Şəhər sakinləri mövsümi məhsulları, yumurtanı, toyuğu və göyərtini həvəslə alır, malların keyfiyyət və qiymətindən razılıq edirdilər.