BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada əhaliyə 12 tondan çox məhsul, o cümlədən 2,2 ton ət, 0,5 ton ağartı, 5 ton tərəvəz, 3 ton kartof, 2 ton meyvə, 3,5 min ədəd yumurta, 30 kiloqram bal təklif edilirdi. Gədəbəyli Arzu Tanrıquliyev yarmarkaya 2 tondan çox meyvə, bal, pendir və kartof çıxarmışdı. Məhsulları münasib qiymətə satırdı. Deyir ki, hər həftə buraya məhsul gətirir və yaradılan şəraitdən razıdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 25-30 faiz aşağı olduğu üçün paytaxt sakinləri iki gün ərzində buradan istədikləri məhsulu ucuz qiymətə əldə edə bilirlər.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada məhsulların həcmi və çeşidi əvvəlki həftələrlə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdı. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə xeyli təsir göstərmişdi. Burada qiymətlər bazarlarla müqayisədə 30-40 faiz ucuz idi. Yarmarkada satılan məhsullar arasında Salyan, Dəvəçi, Qusar, Astara, Quba, İmişli və digər rayonların fermer və şəxsi təsərrüfatlarından gətirilmiş nübar məhsullar, o cümlədən təzə kələm, kartof, soğan, badımcan, yerkökü, çuğundur, xiyar, pomidor, bibər, alça, gilas, ərik, gilanar, sitrus meyvələri, ağartı məhsulları, göyərti və digər mövsümə uyğun məhsullar çoxluq təşkil edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, bugünkü yarmarkada fermerlər və şəxsi təsərrüfat sahibləri satışa 60,4 ton məhsul çıxarmışlar. Salyan, Qusar və Astara rayonlarından daha çox məhsul gətirilmişdi. Məhsulların təqribən yarıdan çoxu Salyan rayonunun payına düşür.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. Yarmarkaya Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından 220,9 ton ərik, gilas, lobya, kartof, tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov məlumat verdi ki, artıq satışa nübar qarpız da çıxarılır. Qarpızın kiloqramı 1 manata təklif olunur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya fermerlər keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Onlar Ağsu və Qazaxdan gətirdikləri kələmi, badımcanı, kartofu, almanı, pomidoru, lobyanı və digər məhsulları ucuz qiymətlərə satırdılar. Yarmarkaya, ümumilikdə 19 tondan artıq meyvə-tərəvəz, süd məhsulları gətirilmişdi.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinlərinə Ağstafa, Bərdə və Goranboy fermerləri bazardakından 20-30 faiz ucuz qiymətlərə müxtəlif çeşiddə məhsullar təklif edirdilər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 25 tona yaxın məhsul çıxarılmışdır. Bundan əlavə, alıcılara Giləzi və Goradil broyler fabriklərindən 20 min yumurta təklif olunurdu.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
